44 günlük Vətən Müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
44 günlük Vətən Müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Vətən Müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun doğum günü ilə bağlı Samux rayonunun Qədili kənd qəbirstanlığındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
Mərasimdə Şəhidimizin ailə üzvləri, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Mərasimdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Şəhidin atası Ərəbov Ramiz göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlu 24 avqust 1993-cu il tarixdə Samux rayonunun Qədili kəndində anadan olmuşdur. Samux rayon Qədili kənd tam orta məktəbinin məzunudur. 2020-ci ilin avqust ayından Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir. 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 30 sentyabr 2020-ci il tarixdə Samux rayonunun Qədili kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi.