44 günlük Vətən müharibəsi şəhidi doğum günündə böyük ehtiramla anılıb
Samux rayonunun Ziyadlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Qəzənfər Nəcəf oğlunun doğum günü ilə bağlı ailəsi, məzarı ziyarət edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, müharibə iştirakçıları, təhsil aldığı məktəbin müəllim, şagird kollektivi və rayon ictimaiyyəti iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, şəhidlərin döyüş meydanında göstərdiyi şücaətdən danışdılar.
Şəhid Abdullayev Qəzənfər Nəcəf oğlu 10 may 1993-cü il tarixində Samux rayonunun Ziyadlı kəndində anadan olmuş, Samux rayon Ziyadlı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb. 27 oktyabr 2020-ci il tarixində Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanıb. Bir müddət reanimasiyadan sonra 14 noyabr 2020-ci il tarixində şəhid olmuş, 15 noyabr 2020-ci ildə Samux rayonu Ziyadlı kəndində dəfn edilmişdir. Evli idi. 1 oğlu var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.