44 günlük Vətən Müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlunun doğum günü ilə bağlı Samux rayonunun Qarayeri qəsəbə qəbirstanlığındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
Mərasimdə Şəhidimizin ailə üzvləri, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Mərasimdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Şəhidin atası Məxsus Cəfərov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlu 15 avqust 1991-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Samux rayon Qarayeri qəsəbə tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak edərək böyük şücaət göstərib. 25 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun sürən reanimasiyadan sonra 08 mart 2021-ci il tarixdə şəhadətə qovuşub. 09 mart 2021-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda", və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Evli idi. Məxsus adlı oğlu, Zeynəb adlı qızı var.
Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.