Samux rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 11 ildə həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ilin birinci rübü də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlu olmuşdur. Belə ki, rüb ərzində dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bir sıra zəruri tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dünya və ölkə iqtisadiyyatında baş verən bu prosesləri təhlil etdi. Dövlət başçısı giriş və yekun nitqlərində hadisələrə obyektiv və düzgün qiymət verərək, manatın məzənnəsinin dəyişməsi fonunda ölkənin sosial-iqtisadi sahələrindəki mövcud vəziyyət, qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.
2015-ci ilin birinci rübünün əsas iqtisadi göstəricilər aşağıdakı kimi olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizdə:
- Ümumi daxili məhsul 5,0 faiz artmışdır;
- Qeyri neft sektorunda 7,0 faiz artım olmuşdur;
- Əhalinin pul gəlirləri 5,3 faiz artmışdır;
- İnflyasiya cəmi 2,8 faiz təşkil etmişdir;
Dünya İqtisadi Forumunun qlobal rəqabət indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinə görə siyahıda 144 dövlət arasında 38-ci yerədədir.
Dövlət proqramının uğurlu icrası nəticəsində regionlarda əvvəllər olduğu kimi birinci rübdə də əhalinin məşğulluğu sahəsində müsbət meyllər müşahidə olunmuşdur. Rüb ərzində 30 minə yaxın iş yeri açılmışdır ki, onlardan da 25 mini daimi iş yeridir.
Cari ilin ilk rübündə əhalini ən çox narahat edən hadisə manatın məzənnəsinin dəyişməsi olmuşdur. Lakin prosesə dövlət tərəfindən verilən çevik və düzgün reaksiya bu narahatlığa son qoydu. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, milli valyutamızın devalvasiya edilməsi zəruri bir addım idi. Çünki biz dünyanın bir parçasıyıq və burada baş verən bütün hadisələr özümüzdən asılı olmayaraq ölkəmizə də təsir göstərir. Əsas məsələ odur ki, dövlət bu prosesi tənzimləyir və bundan əhalinin əziyyət çəkməsinin qarşısını almaq üçün təsirli tədbirlər görür.
2015-ci ilin birinci rübü rayonumuz üçün də uğurlu olmuş, rayonda geniş tikinti – quruculuq, abadlıq işləri həyata keçirilmişdir.
2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın əsas iqtisadi göstəricilərinin təhlili bunu deməyə əsas verir.
- Ümumi məhsul buraxılışının həcmi 16,2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 1,4 faiz çoxdur.
- Kənd təsərrüfatı məhsullarının həcmi 3,8 faiz artaraq, 6,7 milyon manat,
- Sənaye məhsulunun həcmi 9,4 faiz artaraq, 1,3 milyon manat təşkil etmişdir.
- Pərakəndə əmtəə dövriyyəsi 0,4 faiz,
- Əhalinin gəlirləri 0,7 faiz,
- Orta aylıq əmək haqqı 0,8 faiz artmışdır.
Əhalinin məşğulluğu yenə də diqqət mərkəzində saxlanılmış və sahibkarlara yaradılan münbit şəraitin nəticəsidir ki, hesabat dövründə 241-i daimi olmaqla 256 yeni iş yeri yaradılmışdır.
Yaradılmış yeni iş yerlərindən 89-u Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 40 layihə üzrə verdiyi 524,8 min manat güzəştli kreditin hesabınadır.
Hesabat dövründə rayonda geniş tikinti-quruculuq işləri aparılmışdır.
Rüb ərzində inşasına keçən il başladığımız, hər biri 100 yerlik iki körpələr evi-uşaq bağçasında işlər tam başa çatdırılmış, hər iki bağça bütün lazımi inventar və avadanlıqlarla təmin olunaraq, istifadəyə tam hazır vəziyyətə gətirilmişdir.
Şəhərin Kür küçəsində yenidənqurma işləri aparılmışdır.
3 saylı şəhər uşaq bağçasının həyətində bir sıra tikinti, abadlıq işləri görülmüşdür.
Heydər Əliyev prospektinin başlanğıc hissəsində yenidənqurma işlərinə başlanmışdır.
Rayon Telekommunikasiya Qovşağının inzibati binasının tikintisi başa çatmaq üzrədir, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon İdarəsinin inzibati - laboratoriya binasının tikintisində işlər sürətlə davam etdirilir.
Rayon iqtisadiyyatının inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq Sarıqamış kəndi ərazisində yaradılan 2500 başlıq iribuynuzlu malqara üçün nəzərdə tutulmuş “Boz dağ” heyvandarlıq kompleksinin və “Aqroenerji” kompleksinin tikintisində işlər davam etdirilir. Heyvandarlıq kompleksində saxlanılan cins mal-qaranın baş sayı hazırda 2000 başa çatdırılmışdır.
Qeyd etməliyəm ki, görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:
- ilk növbədə hesabatda qeyd edilən tikinti - quruculuq işlərinin qısa müddətdə başa çatdırılmasıdır;
- bununla bərabər Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər avtomobil yolunun qalan hissəsinin və Gəncə cayı üzərində körpünün tikintisinin həyata keçirilməsidir;
- şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin kanalizasiya və mərkəzləşdirilmiş içməli su sisteminin qurulmasının reallaşması istiqamətində də işlər aparılır;
- İnstitut qəsəbə və Sərkar kənd tam orta məktəbləri üçün yeni binaların tikilməsi, Qarayeri qəsəbə 2 saylı və Alıuşağı kənd tam orta məktəbləri üçün əlavə korpusların tikilməsi;
- 2015-ci ildə rayonun şəhər, qəsəbə və kəndlərində yeni uşaq bağçalarının inşa edilməsi və əsaslı təmir olunması;
- Qarabağ müharibəsi əliləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdirilmasi da diqqət mərkəzindədir;
- qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir.
Ölkə başçısı tərəfindən 2015-ci ilin “ Kənd təsərrüfatı ili” elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda 5000 hektar sahədə toxumçuluq və heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər aparılır.