Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 20- ci ildönümü ilə əlaqədar Samux rayon təşkilatının yubiley tədbiri keçirildi

30 oktyabr 2012 | 16:00

Samux rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir. Tədbirdə Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, Millət vəkili Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, YAP icra katibinin müavini Millət vəkili Mübariz Qurbanlı, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbir iştirakçılarını 20-illik yubiley təbrik etdi, partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, onun yaradıcısı, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, YAP-ın cəmiyyətdəki rolundan, rayon təşkilatının fəaliyyətindən bəhs etmişdir.Qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər bu partiyanın tərkib hissəsindən biri olan Samux rayon təşkilatında da öz əksini tapmışdır. Belə ki, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında say tərkibinin artımı yönündə müsbət irəliləyişlər əldə edilmişdir. 1993-cü ildə rayon təşkilatı cəmi 3 ilk ərazi partiya təşkilatı, 30 nəfər partiya üzvünü birləşdirirdisə, hal-hazırda 58 ilk partiya təşkilatının öz ətrafında 4189 partiya üzvünü birləşdirdiyini, onlardan 1121 nəfərin təhsildə, 336 nəfərin səhiyyədə, 243 nəfərin isə mədəniyyət və başqa sahələrdə çalışan üzvülər olduğunu, bunlardan 2367 nəfərin qadınlar, 1453 nəfərin isə gənclərin təşkil etdiyini vurğuladı.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov çıxışında qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin yaratdığı bir əsərdir. Yeni Azərbaycan Partiyasının keçdiyi yol hamımızın gözü qabağındadır. Biz elə bir dövlətdə, elə bir ölkədə yaşayırıq ki, öz müstəqilliyimizi özümüz bərqərar edirik, öz siyasətimizi özümüz müəyyən edirik, öz siyasətimizi özümüz yeridə bilirik. Bunun da səbəbkarı ulu öndər Heydər Əliyevdir.
Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, Millət Vəkili, Politoloq Mübariz Qurbanlı çıxışında bildirmişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin hakim partiyası olaraq dövlətimizin idarəçiliyində əsas və aparıcı yerlərdən birini tutur. “Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası və bu partiyanın söykəndiyi idoloji-siyasi pirinsiplər faktiki olaraq bu gün Azərbaycanın müstəqil dövlətçiliyinin təməl prinsipləri kimi hamı tərəfindən qəbul edilir.”
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, müstəqilliyin ilk illərində ölkədə yaranan ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün YAP-ın yaranmasının zəruriliyini bildirmişdir. “Mövcudluğumuzun sual altında olduğu bir vaxtda taleyüklü bu məsələdə xalqımızın dahi oğlu Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür. O, Yeni Azərbaycan Partiyasını yaratdı və qısa müddətdə bu partiya cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. Məhz ulu öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.”

Tədbir bayram konserti ilə davam etdirilmişdir.

Keçidlər