Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərini Samux rayonunda davam etdirmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Samux rayonunun Qovlarsarı kəndində keçirdi. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etdi ki, dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada inamla irəliləyən Azərbaycan Respublikasının iqtisadi uğurları ilbəil artır. Bu gün sosial-iqtisadi inkişafın Azərbaycan modeli beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilir və bəyənilir.
Daha sonra tədbir çərçivəsində Samux rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Samux rayonu üzrə 509 sahibkara 25.9 mln. manat, o cümlədən 2014-cü ildə 181 sahibkara 3.4 mln. manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 1559, o cümlədən 2014-cü ildə 342 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.
Son illər Samux rayonu üzrə maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr aşağıdakılardır:
- 1 min tonluq logistik mərkəz;
- illik istehsal gücü 19 min ton süd olan 2500 başlıq heyvandarlıq kompleksi;
- illik istehsal gücü 1.6 min ton quş əti olan quşçuluq təsərrüfatı;
- 4 ha ərazidə 2 istixana kompleksi;
- illik istehsal gücü 4.2 min ton olan meyvə-tərəvəz emalı müəssisəsi;
- illik istehsal gücü 65.7 min ton olan qüvvəli yem istehsalı müəssisəsi.
Bu müəssisələrin maliyyələşdirilməsi nəticəsində 370 yeni iş yeri açılmışdır.