Samux rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada inamla irəliləyən Azərbaycan Respublikasının iqtisadi uğurları ilbəil artır. Bu gün sosial-iqtisadi inkişafın Azərbaycan modeli beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilir və bəyənilir. Bütün bu nailiyyətlərin təməlində isə, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun davam etdirilməsi dayanır.
Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 10 yanvar tarixində keçirilən iclasında ölkə başçısı tərəfindən 2014-cü ildə sosial-iqtisadi sahədə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verilmiş və 2015-ci ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
2014-cü ilin əsas iqtisadi göstəricilər aşağıdakı kimi olmuşdur:
- Ümumi daxili məhsul 3,0 faiz artmışdır;
- Qeyri neft sektorunda 7,0 faiz artım olmuşdur;
- Əhalinin pul gəlirləri 4,8 faiz artmışdır;
- İnflyasiya cəmi 1,4 faiz təşkil etmişdir;
- Ölkə iqtisadiyyatına 27 milyard manat investisiya qoyulmuşdur və onun 16 milyard manatını yerli sərmayələr təşkil edir;
- Ölkəmizin valyuta ehtiyatları 50 milyard dollardan çox olmuşdur.
Dünya İqtisadi Forumunun qlobal rəqabət indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artmış, ölkəmiz bu siyahıda 144 dövlət arasında 38-ci yerə yüksəlmişdir.
Yeni dövlət proqramının qəbul edilməsi sayəsində il ərzində 123 min yeni iş yeri açılmışdır və bunun 100 mini daimidir.
Son illər ölkəmizin ixrac potensialının artması müşahidə olunur, bu sahədə yeni imkanlar yaranır, Azərbaycan xaricə kənd təsərrüfatı məhsullarının ixracını genişləndirir. Nazirlər Kabinetinin iclasında ölkəmizdə bu məsələ ilə bağlı böyük işlərin görüldüyünü vurğulayan cənab Prezident mövcud imkanlardan səmərəli şəkildə istifadə edilməsinin vacibliyini önə çəkmişdir.
İcra edilən hər layihənin ölkənin həyatında özünəməxsus yeri və əhəmiyyəti var. Taxtakörpü və Şəmkirçay su anbarları on min hektarlarla yeni torpaq sahəsinin dövriyyəyə daxil olmasına imkan verəcəkdir.
Məlumat üçün bildirirəm ki, Şəmkirçay su anbarının istifadəyə verilməsi rayonumuz üçün də çox böyük əhəmiyyət daşıyır. Bu rayonda 7 min hektara yaxın əkin sahəsinin suvarılmasını təmin edəcəkdir ki, bu da rayonun ümumi əkin sahəsinin təxminən 30 faizini təşkil edir.
2014-cü ilin rayonumuz üçün də uğurlu olmuş, rayonda geniş tikinti – quruculuq, abadlıq işləri həyata keçirilmişdir.
2014-cü ildə sosial-iqtisadi inkişafın əsas iqtisadi göstəricilərinin təhlili bunu deməyə əsas verir.
- Ümumi məhsul buraxılışının həcmi 100,6 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən (91,3 mln.manat) 10,2 faiz çoxdur.
- Kənd təsərrüfatı məhsullarının həcmi 22,4 faiz artaraq 60,4 milyon manat,
- Ticarət dövriyyəsi 18,5 faiz artaraq 24,7 milyon manat təşkil etmişdir.
- Pərakəndə əmtəə dövriyyəsi 5,2 faiz,
- Əhalinin gəlirləri 11,9 faiz,
- Orta aylıq əmək haqqı 3,0 faiz,
- Əsas kapitala yönəldilən investisiya 24,6 faiz artmışdır.
Hesabat dövründə rayonda geniş tikinti-quruculuq işləri aparılmışdır.
Bildiyiniz kimi rayonumuz Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaq bağçalarının tikintisi ilə bağlı təşəbbüsünə ilk qoşulanlardandır və qısa müddət ərzində rayon mərkəzində hər biri 100 yerlik olan iki körpələr evi-uşaq bağçalarının tikintisinə nail olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 09 iyun 2014-cü il tarixli Sərəncamı ilə 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Hazırda avtomobil yolunun 12 km-lik hissəsində işlər başa çatmışdır.
Yolun qalan 24,5 km-lik - Əlibayramlı – Qarabağlar – Çobanabdallı - Samux hissəsinin və avtomobil yolunun Gəncə çayı ilə kəsişən hissəsində üç aşırımlı körpünün tikintisi üçün layihə-smeta sənədləri hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilmişdir. Məlumat üçün bildirirəm ki, yaxın vaxtlarda yolun tikintisində işlər davam etdiriləcəkdir.
Rayon Telekommunikasiya Qovşağının inzibati binasının tikintisi başa çatmaq üzrədir, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon İdarəsinin inzibati - laboratoriya binasının tikintisində işlər davam etdirilir.
Rayon iqtisadiyyatının inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq Sarıqamış kəndi ərazisində yaradılan 2500 başlıq iribuynuzlu malqara üçün nəzərdə tutulmuş “Boz dağ” heyvandarlıq kompleksinin və “Aqroenerji” kompleksinin tikintisində işlər davam etdirilir.
Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və Dövlət Proqramının icrasının birinci ilində rayonda 1039 yeni iş yeri yaradılmışdır ki, onlardan da 964-ü daimi iş yerləridir.
Görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:
- ilk növbədə hesabatda qeyd edilən tikinti - quruculuq işlərinin qısa müddətdə başa çatdırılmasıdır;
- bununla bərabər Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər avtomobil yolunun qalan hissəsinin və Gəncə cayı üzərində körpünün tikintisinin həyata keçirilməsidir;
- şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin kanalizasiya və mərkəzləşdirilmiş içməli su sisteminin qurulmasının reallaşması istiqamətində də işlər aparılır;
- İnstitut qəsəbə və Sərkar kənd tam orta məktəbləri üçün yeni binaların tikilməsi, Qarayeri qəsəbə 2 saylı və Alıuşağı kənd tam orta məktəbləri üçün əlavə korpusların tikilməsi;
- 2015-ci ildə rayonun şəhər, qəsəbə və kəndlərində yeni uşaq bağçalarının inşa edilməsi və əsaslı təmir olunması;
- Qarabağ müharibəsi əliləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdirilmasi da diqqət mərkəzindədir;
- qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir.
Ölkə başçısı tərəfindən 2015-ci ilin “ Kənd təsərrüfatı ili” elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda 5000 hektar sahədə toxumçuluq və heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər aparılır.
Qeyd etdiyimiz vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görülür. İnanıram ki, sizinlə birgə qarşıya qoyduğumuz bütün vəzifələrin həyata keçirilməsini təmin edəcəyik.
Samux rayon İcra Hakimiyyəti gələcəkdə də bütün imkanlarını səfərbər edərək ölkə başçısı tərəfindən yerli icra hakimiyyətləri qarşısında qoyulmuş vəzifələrin icrasını layiqincə yerinə yetirəcəkdir.