Samux rayonunda 2012-ci ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair rayon İcra Hakimiyyəti başçısının hesabatı keçirilmişdir
Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi daha da möhkəmlənmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, ölkə başçısı doqquz ay ərzində görülən işləri ətraflı təhlil etmiş və qryd etmişdir ki, bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur ki, bunu da əsas hissəsi - təqribən 70 faizə yaxını daxili investisiyalardır. Respublika iqtisadiyyatının əsas prioritet sahələrindən olan kənd təsərrüfatı 6,3 faiz artmışdır. İlin əvvəlindən respublikada 73 mini daimi olmaqla 94 min yeni iş yeri yaradılmışdır.
Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmış və hazırda 45 milyard dollar səviyyəsindədir. Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. Cənab Prezident sənaye istehsalında vəziyyətin o qədər də ürəkaçan olmadığını xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, bir neçə il ərzində Azərbaycanda ümumi sənaye istehsalı azalır. Doqquz ayın göstəriciləri də onu göstərir ki, Azərbaycanda ümumi sənaye istehsalı 3,5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Neft sənayesinin böyük dərəcədə aşağı düşməsi, bu sahədə yaşanan tənəzzül bilavasitə neftin hasilatı ilə bağlıdır.
Hesabat dövründə tikinti-quruculuq işləri həm ölkənin paytaxtını, həm də bölgələrini əhatə etmişdir. Bu il kənd yollarının yaxşılaşdırılmasına rekord miqdarda vəsait qoyulmuşdur.
Bildiyiniz kimi, rayonumuz da cənab Prezidentin bu qayğısından kənarda qalmamışdır. “Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisi məqsədi ilə 2,5 milyon manat vəsait ayrılmış və hazırda yolun tikintisi əsasən başa çatmışdır. Yaxın vaxtlarda daha bir neçə kəndlərarası yolun əsaslı təmiri gözlənilir.
2012-ci ilin doqquz ayı ərzində rayonda sosial-iqtisadi inkişafın bütün sahələrində əsaslı dönüş yaradılmış və nəticədə yüksək nailiyyətlər əldə olunmuşdur. Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 71,6 milyon manat olmuşdur. Sənaye istehsalı 8,9 faiz artaraq 4,3 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 8,4 faiz artaraq 39,3 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 14,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 9,6 faiz, orta aylıq əmək haqqı 11,5 faiz artmış, əhalinin gəlirləri 52,1 faiz artaraq 74,5 milyon manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyanın həcmi təxminən 10,3 milyon manat təşkil etmişdir. Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 640 yeni iş yeri yaradılmışdır ki, onlardan da 444 iş yeri daimi, 196 iş yeri isə müvəqqəti iş yerləridir.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işlərinə başlanmışdır. Qısa müddət ərzində parkda iki ədəd uşaq əyləncə kompleksinin inşa edilərək uşaqların istifadəsinə verilmişdir. Parkın giriş hissəsi yeni layihə əsasında yenidən inşa edilir.
Hesabat dövründə əvvəlki illərlə müqayisədə tikinti-quruculuq işlərinə daha çox diqqət verilmişdir. Xüsusi ilə ümumtəhsil müəssisələri üçün yeni binaların tikintisi sahəsində cari ildə böyük nəticələr əldə edilmişdir. Belə ki, 2012-ci ildə rayonumuzda 6 yeni məktəb binasının tikintisinə başlanmışdır. 15 sentyabr “Bilik günündə” şəhər 2 saylı orta məktəbinin 360 şagird yerlik, Poylu və Salahlı kənd orta məktəblərinin 180 şagird yerlik yeni binaları istifadəyə verilmişdir. Hər üç məktəb tamamilə yeni avadanlıqlarla təmin edilmiş, həyətlərində müvafiq abadlıq işləri aparılmışdır. Şəhər 2 saylı tam orta məktəbin həyətində müasir tələblərə cavab verən futbol meydançası inşa edilmişdir. Lək kənd orta məktəbi üçün 220 şagird yerlik, Seyidlər orta məktəbi üçün 180 şagird yerlik və Qiyaslı məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatmaq üzrədir. İlin sonuna kimi həmin məktəb binaları istifadəyə veriləcəkdir.
Görülmüş işlərlə yanaşı qarşımızda yerinə yetiriləsi daha böyük vəzifələr durur. 2012-ci ilin sonuna kimi rayonumuzda tikinti - quruculuq və abadlıq işləri daha da sürətləndirməli, “ Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün gücümüzü səfərbər etməliyik. Bu gün inşasına başlanmış inzibati və məktəb binaların vaxtında istifadəyə verilməsi, yeni inzibati binaların inşa edilməsi, bir neçə məktəbin əsaslı təmir edilməsi, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri, yeni istehsal və emal müəssisələrinin yaradılması, kəndlərarası və daxili yolların yenidən qurulması qarşıda duran ən vacib məsələlərdəndir. Təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün yeni binaların tikilməsi və əsaslı təmiri , şəhərin küçələrinin və kəndlərarası yolların yenidən qurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Nazirinə müraciət etmişik. Müraciətlərimizə Nazirlər Kabinetində baxılmış və aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilmişdir.