Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirildi.

10 dekabr 2014 | 16:00

Dekabrın 10-da YAP Samux Rayon Təşkilatında qarşıdan gələn bələdiyyə seçkilərində qadınların ictimai-siyasi fəallığının artırılması məqsədilə elmi-praktik konfrans  keçirildi. Konfransda bu sahədə qarşıda duran vəzifələr müzakirə edildi.
Konfransda Gəncə Dövlət Universitetinin Prorektoru, YAP Gəncə şəhər Təşkilatının Qadınlar Şurasının sədri  Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Aidə Qasımova,Gəncə Dövlət Universitetinin dosenti Aynur Bayramova qonaq qismində iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Samux rayon Qadınlar Şurasının sədri  Kəmalə Xəlilova rayonun ictimai-siyasi həyatında qadınların rolundan, fəal qadınlara yaradılan şəraitdən söz açdı.
Sonra qonaqlara söz verildi. Pərvin Kərimzadə çıxış edərək bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkə qadınlarının qarşısında yeni məqsəd və vəzifələr dururdu. Belə bir şəraitdə qadınların dövlət idarəetmə sistemində lazımı səviyyədə təmsil olunması üçün ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı müvafiq istiqamətdə mühüm dövlət sənədi oldu.Vurğulandı ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da qadınlarımızın ictimai-siyasi həyatda fəallığının artırılmasına təkan verdi.
Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan Aidə Qasımova bildirdi ki, məqsədimiz zərif cinsin nümayəndələrinin seçkilərdə fəallıq nümayiş etdirmələri, qadın bələdiyyə üzvlərinin sayının daha da artmasına nail olmaqdır. Bələdiyyə seçkilərində qadınların fəallığı nəticəsində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatdırılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin qadınlara örnək olduğunu vurğulayan A.Qasımova xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin və incəsənətimizin bütün dünyada təbliğində onun xidmətlərinin əvəzsiz olduğunu bildirdi.
Daha sonra konfransda çıxış edən Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə qeyd etdi ki, bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu sosial yük bizim cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların çiynindədir. Qadın öz problemini daha yaxşı bilir və bu problemlərin aradan qaldırılması üçün daha çox can yandıranın qadın olacağına şübhə yoxdur. Bəli, qadınlar fəallaşmalıdırlar və özünüidarəetmədə aktiv iştirak etməlidirlər, Azərbaycan qadını ümumilikdə ölkənin fəal vətəndaşına çevrilməlidir və öz taleyində öz rolunun mahiyyətini ortaya qoymalıdır.
Digər çıxış edən YAP Samux Rayon Təşkilatının Aparat Rəhbəri, Qadınlar Şurasının İdarə Heyətinin üzvü Sevinc Xəlilova qeyd etdi ki,  bütövlükdə geniş mənada dünyaya nəzər saldıqda da görürük o ölkədə ki, qadınlar ölkənin idarə olunmasında, ictimai-siyasi həyatında kişilərlə yanaşı addımlayır, mühüm, aktiv rol oynayırlar, orada bütün sahələrdə, bütün sferalarda yüksək irəliləyişlər özünü göstərir. Azərbaycanda da qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaması vacib məqamlardandır və bu bizim gələcək inkişafımız üçün çox önəmlidir.
Konfransda iştirak edən  qadınlar onları narahat edən problemləri  müzakirə etdilər. Ümumilikdə konfras qarşılıqlı dialoq şəklində keçirildi.

Keçidlər