Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

26 iyul 2012 | 15:00

25 iyul 2012-ci il tarixində “Samux rayonunda 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon hüquq - mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə müəssisə və təşkilat rəhbərləri, iş adamları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və mətbuat nümayəndələri iştirak edirdi.
Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev hesabat yığıncağını açaraq bildirdi ki, 2012-ci ilin ilk yarısı da ölkəmizin sosial-iqtisadi sahələrdə əldə etdiyi mühüm uğurlarla yadda qalmışdır. Natiq ölkəmizdə gedən sürətli inkişafdan danışaraq qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən dinamik iqtisadi inkişaf strategiyası, dərin millilik və modern ideyaların əsasında reallaşdırılan əzəmətli quruculuq proqramları son 9 ildə ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmış və əhalinin həyat səviyyəsini yüksəltmişdir. Regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirir. Rayon İcra Hakimiyyətinin başçısı Dövlət Proqramının icrası ilə bağlı görülən işlər və rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri haqqında məlumat verdi.
Hesabat məruzəsi ilə Samux rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev çıxış etdi. Məruzədə qeyd edilmişdir ki, 2012-ci ilin birinci yarısında rayonumuzun da sosial-iqtisadi inkişafında ciddi uğurlara imza atılmışdır. 6 ayın sosial-iqtisadi inkişafının yekunlarının əsas statistik göstəriciləri bunu təsdiq edir. Belə ki, birinci yarımildə rayon üzrə ümumi məhsul buraxılışı 39,7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 0,4 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 94,8 faiz təşkil etmişdir. Cari ilin ilk yarısında ötən ilin müvafiq dövri ilə müqayisədə sənaye istehsalı 1,1 faiz artaraq 3,3 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 18,0 faiz artaraq 19,4 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 34,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,9 faiz, əhalinin gəlirləri 3,0 faiz, orta aylıq əmək haqqı 18,3 faiz artmışdır. 6 ay ərzində əsas kapitala yönəldilən investisiyanın həcmi təxminən 6,84 milyon manat təşkil etmişdir ki, onun da 5,8 milyon manatı tikinti - quraşdırma işləridir.
Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə hesabat dövründə 563 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Hazırda rayon üzrə 970 ailə ünvanlı sosial yardım alır ki, bu da 4382 nəfərin sosial müdafiəsi deməkdir. Bir ailəyə ödənilən orta məbləğ orta hesabla 103,8 manat təşkil edir.
Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 467 yeni iş yeri yaradılmışdır ki, onlardan da 271 iş yeri daimi, 196 iş yeri müvəqqəti iş yerləridir. Ümumilikdə birinci Dövlət Proqramının icrasına başlanılandan bu günə qədər rayonda 15123 yeni iş yeri yaradılmışdır.
Rayonun bütün yaşayış məntəqələrində əhali ilə keçirilən görüş-qəbullarda vətəndaşlar tərəfindən edilən təkliflər də nəzərə alınmaqla rayonda aparılacaq tikinti-quruculuq və abadlıq işləri müəyyənləşdirilmiş və geniş Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər planına müvafiq olaraq genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə start verilmişdir. Hesabat dövründə şəhərin Arif Nəbiyev küçəsində evlərin fasadlarına və hasarlara aqlay daşlarından ümumilikdə 2600 kv.metr üzlük çəkilmiş, əlavə hörgü işləri aparılaraq hasarlar eyni səviyyəyə gətirilmiş, küçənin digər küçələrlə kəsişən hissələrində 150 kv. metr hörgü, 300 kv.metr suvaq və rəngləmə işi aparılmışdır. Küçədə elektrik, qaz və telefon xətləri səliqəyə salınmışdır.
28 may küçəsində yolun hərəkət hissəsi genişləndirilmiş, ağaclar budanmış, yararsız tikililər sökülmüş, yolun sağ tərəfində 450 m uzunluğunda dekorativ hasar inşa edilmiş, sol tərəfində yararsız hasarlar yenidən hörülmüş, evlərin fasadlarında və hasarlarda 2000 kv. metr suvaq işləri aparılmış, haşiyələrə aqlay üzlüklər vurulmaqla, fasad və divarlar müasir üslubda rənglənmişdir. Səkilər yenidən qurulmuş və onlara asfalt örtüyü salınmışdır. Küçənin işıqlanma sisteminin qurulması üçün 12 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Küçədə su arxı yenidən çəkilmiş, həyətlərdən axdılan çirkab suların qarşısı alınmışdır. 250 kv. metr sahədə sakinlər üçün istirahət guşəsi yaradılmış və bulaq quraşdırılmışdır. Hazırda küçədə işlər başa çatmaq üzrədir.
N. Nərimanov küçəsindən yeni yaşayış massivinə keçən hissədə olan su kanalına 1,5 metr diametrində, 11 metr uzunluğunda beton boru salınaraq körpü yaradılmışdır. Bu da həmin yaşayış massivində yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmışdır.
Heydər Əliyev prospektində yenidənqurma işlərinə başlanmış, insanların rahat hərəkətinə mane olan və ümumi görünüşə xələl gətirən məhəcərlər sökülmüş, yol genişləndirilmişdir. Həmin ərazidə müasir üslubda xiyaban salınır. Xiyabanda şəlalə formasında fəvvarə inşa edilir. Prospektin işıqlanma sistemi yenidən qurulmuşdur. Hazırda prospektdə işlər davam etdirilir.
Tofiq İsmayılov və M.P.Vaqif küçələrinin bir hissəsində elektrik və qaz xətləri səliqəyə salınmış, yeni su arxı çəkilmiş və suötürücülər quraşdırılmışdur. Tofiq İsmayılov küçəsində 2400 kv.metr və M.P.Vaqif küçəsində 3886,5 kv.metr, ümumilikdə 6286,5 kv.metr yeni asfalt örtüyü salınmışdır.
Kolayır prospektində 160 metr uzunluğunda dekorativ hasar quraşdırılmışdır. Yolun hər iki tərəfində yararsız hasarlar sökülərək 688 kv.m yeni hasar hörülmüş, hasarlar eyni hündürlüyə gətirilmiş 1910 kv.m suvaq işi və 3564 kv. metr rəngləmə işi aparılmışdır.
M.Əsədov və E.Məmmədov küçələrində yaşayan 100-dən çox abonentin içməli su təminatının yaxşılaşdırılması üçün həmin ərazidə yeni subartezian quyusu qazılmışdır.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işlərinə başlanmışdır. Belə ki, parkda 01 iyun 2012-ci il tarixində təməli qoyulmuş iki ədəd uşaq əyləncə kompleksinin inşası qısa müddətdə başa çatdırılaraq uşaqların istifadəsinə verilmişdir. Hazırda parkın giriş hissəsi müasir layihə əsasında yenidən inşa edilir.
“Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılmış və aprel ayının sonunda işə başlanılmışdır. Hazırda yolun tikintisi əsasən başa çatmışdır.
Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisinin əhəmiyyətini nəzərə alaraq yolun Sərkar, Ziyadlı, Qovlarsarı kəndlərindən və Qarayeri qəsəbəsindən keçən hissələrinin kənarlarında səkilərin salınması, divarların eyni hündürlükdə hörülməsi və suvanması, su arxlarının çəkilməsi və s. abadlıq işləri aparılır. Hesabat dövründə bu məqsədlə Sərkar kəndində 620 kv.m hörgü və 6000 kv.m suvaq, Ziyadlı kəndində 750 kv.m hörgü, 2000 kv.m suvaq, Qovlarsarı kəndində 1600 kv.m suvaq, 2000 kv.m rəngləmə, 140 p/metr bordür düzülməsi, ictimai yaşayış evlərinin qarşısında çiçək və bəzək kollarının əkilməsi işləri aparılmışdır. Qarayeri qəsəbəsində yolun kənarında 800 metr səki salınmış, iki yerdə dairəvi hərəkətin təşkili üçün dairə tikilmiş və onların mərkəzində çil-çıraq quraşdırmaq üçün sütunlar inşa edilmişdir. Qəsəbənin mərkəzi hissəsində Gəncə-Sərkar-Qarayeri-Qədili yolunun sağ tərəfində istirahət parkı yaradılmış, bulaq tikilmiş və işıqlanma sistemi qurulmuşdur. Həmin ərazidə Qoşqar çayı üzərində olan körpünün kənarlarına yeni istinad məhəcəri çəkilərək rənglənmişdir.
Hesabat dövründə küçə və yolların yenidən qurulması ilə yanaşı tikinti-quruculuq işlərinə də xüsusi diqqət yetirilmişdir. Xüsusi ilə yeni təhsil müəssisələrinin tikintisi sahəsində cari ildə böyük nəticələr əldə edilmişdir. Belə ki, 2012-ci ildə rayonumuzda 6 yeni məktəb binasının tikintisinə başlanmışdır. Hazırda şəhər 2 saylı orta məktəbi üçün 340 şagird yerlik məktəbin yeni binasının tikintisi başa çatmaq üzrədir, məktəbin həyətində müasir tələblərə cavab verən futbol meydançası inşa edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi məktəbin yerləşdiyi 28 may küçəsində yüksək səviyyədə yenidənqurma işləri aparılmışdır. Poylu, Salahlı və Seyidlər məktəblərinin hər biri üçün 180 şagird yerlik, Lək orta məktəbi üçün 220 şagird yerlik və Qiyaslı məktəbi üçün 120 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir.
Aşağı Ağasıbəyli kəndində yerləşən kənd stadionu yenidə qurulmuş. İdmançılar üçün 3 otaqdan ibarət soyunub-geyinmə otağı inşa edilmiş və sanuzel quraşdırılmışdır. Stadionun ətrafı hasarlanmış və 100 ədəd müasir oturacaqlar qoyulmuşdur.
“Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə uşaq bağçalarının yerli icra hakimiyyətlərinə verilməsi ilə rayonda bu sahədə yenidənqurma işlərinə başlanmışdır. Belə ki, Samux şəhər 1 saylı uşaq bağçası üçün yeni bina ayrılmış və qısa müddət ərzində binada rekonstruksiya və əsaslı təmir işləri başa çatdırılmışdır. Körpələrə hədiyə olaraq uşaq bağçasının yeni binası Uşaqların Beynəlxalq müdafiəsi Günü istifadəyə verilmişdir.
Tikintisinə ötən il başlanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdırılmış, hazırda binanın təhvil verilməsi ilə bağlı son tamamlama işləri görülür. Rayon Prokurorluğunun inzibati binasını tikintisində işlər başa çatmaq üzrədir. Yuxarı Ağasıbəyli kəndində yerli nümayəndəlik, bələdiyyə və icma üçün yeni binanın tikintisi tam başa çatdırılmışdır. Yaxın günlərdə bina istifadəyə veriləcəkdir. Eyni zamanda ucqar Burunqovaq kəndində yerli nümayəndəlik və bələdiyyə üçün inzibati bina inşa edilmişdir.
6 ay ərzində rayonda yeni istehsal sahələrinin və iş yerlərinin açılması istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, “Universal NAA” MMC meyvə-tərəvəz anbarında saxlanılan kənd təsərrüfatı məhsullarının pərakəndə və topdan satışı məqsədi ilə “Yaşıl bazar” kompleksinin tikintisi başa çatmış və istifadəyə verilmişdir. Rayon mərkəzində yaradılan ət-süd kombinatında, “Universal NAA” MMC nəzdində yaradılan cem zavodunda və sirkə istehsalı sexində, Poylu kəndində inşa edilən Şərab zavodunda, Samux-Gəncə yolunda tikilməkdə olan mebel fabrikində işlər davam etdirilmişdir. Cari ildə sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 28 layihə üzrə 570 min manat güzəştli kredit verilmişdir ki, bu da 77 yeni iş yerinin yaranmasına imkan vermişdir.
Rayonun İstixana kəndi ərazisində 3 hektar ərazidə faraş meyvə-tərəvəz istehsal edəcək İstixana kombinatının tikintisinə başlanılmışdır. Kombinatın fəaliyyətə başlaması ilə rayonun 100-dən çox vətəndaşı daimi işlə təmin olunacaqdır. Eyni zamanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Samux rayonun sosial-iqtisadi inkişafında alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin potensial imkanlar araşdırılmış, alternativ enerjinin tətbiqi ilə saf ərzaq və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı və emal olunması sahəsində “Aqroenerjikompleksi” nin yaradılması müəyyənləşdirilmişdir. Kompleksdə alternativ enerji istehsalı üzrə elektrik stansiyasının, istixananın, balıq yetişdirilməsi hovuzunun, heyvandarlıq kompleksinin tikintisi nəzərdə tutulur. Ümumi dəyəri 94 milyon manat olan kompleksdə 1000 nəfər rayon sakini daim işlə təmin olunacaqdır.
Məruzə ətrafında çıxışlar olmuşdur. Rayon Maliyyə şöbəsinin müdiri Qəmbər Sadıxov, Elektrik Şəbəkəsinin rəisi Razim Qasımov, Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov, Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi İlham Həsənov çıxış etmişdir.
Çıxışlardan sonra yığıncaq iştirakçılarının müraciətləri dilənildi.
Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev yekun nitqində görülmüş işlərlə yanaşı qarşıda yerinə yetiriləsi daha böyük vəzifələrin durduğunu qeyd edərək, 2012-ci ilin ikinci yarısında rayonumuzda tikinti - quruculuq və abadlıq işləri daha da sürətləndirməsini, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini bildirdi. Bu gün inşasına başlanmış inzibati və məktəb binaların vaxtında istifadəyə verilməsini, yeni inzibati binaların inşa edilməsinin, bir neçə məktəbin əsaslı təmir edilməsinin, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmirinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, kəndlərarası və daxili yolların yenidən qurulmasının qarşıda duran ən vacib məsələlərdən olduğunu vurğuladı.
Hesabat yığıncağının Qərar layihəsi oxunaraq, əlavə və dəyişikliklərlə qəbul edilmişdir.
Yığıncağın sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
 

Keçidlər