Samux rayonunun 2021-ci ildə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2021-ci ilin makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 98523,4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çoxdur.
2021-ci ilin məhsulu üçün rayon üzrə 10806,9 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 377,3 hektar və ya 3,4 faiz azdır. 2021-ci ilin məhsulu üçün 5003,9 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 504,3 hektar və ya 9,2 faiz azdır.
Yazlıq səpinin 1059,0 hektarı və ya 21,2 faizi çoxillik otlar, 162,6 hektarı və ya 3,2 faizi kartof, 688,0 hektarı və ya 13,7 faizi tərəvəz, 1851,0 hektarı və ya 37,0 faizi günəbaxan, 324,0 hektarı və ya 6,5 faizi yazlıq arpa, 86,0 hektarı və ya 1,7 faizi yazlıq buğda, 28,0 hektarı və ya 0,5 faizi paxlalılar, 20,0 hektar və ya 0,4 faiz çəltik, 20,5 hektar və ya 0,4 faiz toxumluq tərəvəz, 353,0 hektar və ya 7,1 faiz qarğıdalı, 223 hektar və ya 4,5 faiz bostan, 4,0 hektar və ya 0,1 faiz birillik otlar, 100 hektar və ya 2,0 faiz soya, 84,8 hektar və ya 1,7 faiz şəkər çuğunduru olmuşdur.
Hesabat dövründə 10293,9 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 38577,4 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 37,5 sentner olmuşdur.
18484,8 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 300,5 ton və ya 1,7 faiz çoxdur.
Təsərrüfatlardan 11576,3 ton üzüm yığılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,5 ton və ya 0,7 faiz çoxdur.
Bundan başqa 1976,4 ton kartof, 16359,5 ton tərəvəz, 3527,5 ton bostan, 52,0 ton çəltik, 4513,4 ton günəbaxan, 7154,9 ton qarğıdalı, 74,8 ton paxlalılar, 3,7 ton çovdar, 1341,4 ton şəkər çuğunduru, 342,4 ton soya, 68341,2 ton quru ot, 22046,2 ton küləş və s. istehsal olunmuşdur.
Təsərrüfatlarda 14295,7 hektar sahədə şum qaldırılmışdır. Həmin sahələrdə 11420,7 hektar payızlıq səpin aparılmışdır ki, bunun da 6160,0 hektarı buğda, 4490,7 hektarı arpa, 770 hektarı isə xəsildir. 3582,2 hektar sahədə təkrar əkin aparılmışdır.
2021-ci ilin sonuna 23439 baş iri buynuzlu mal-qara, 133688 baş qoyun və keçilər mövcud olmuşdur.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 65 baş və ya 0,3 faiz, qoyun və keçilərin sayı isə 4877 baş və ya 3,5 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artaraq 5793,0 ton, süd istehsalı 3,8 faiz artaraq 32546,0 ton, yumurta istehsalı 1,3 faiz artaraq 7598,0 min ədəd,.yun istehsalı isə 0,4 faiz azalaraq, 260,3 ton olmuşdur.
Hesabat dövründə sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 16514,9 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 68,3 faiz çoxdur.
2021-ci ildə emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 8221,5 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilə nisbətən 6,2 dəfə çoxdur. Rayon üzrə istehsal olunmuş 16514,9 min manat mal və xidmətlərin 8293,4 min manatı dövlət, 8221,5 min manatı isə qeyri-dövlət sektorunun, ondan 505,5 min manatı fərdi sahibkarların, 7009,7 min manatı isə ev təsərrüfatlarının payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun qalığı olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 4732,1 min manatlıq təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki illə müqayisədə 88,8 faiz azdır. Təmir-tikinti işlərinin 1612,2 min manatı və ya 34,1 faizi dövlət mülkiyyətli müəssisələr, 3119,9 min manatı və ya 65,9 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin 125,6 min manatı əsaslı təmirin, 2001,5 min manatı cari təmirin, 2605,0 min manatı isə sair işlərin payına düşür.
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 17253,7 min manat olmuşdur ki, bu isə əvvəlki ilə nisbətən 63,5 faiz azdır.
Sənayeyə 1338,9 min manat, kənd təsərrüfatına 1304,5 min manat, informasiya və rabitəyə 6,0 min manat, sosial sahəyə 9387,4 min manat, tikinti işlərinə isə 5216,9 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 2649,4 min manatı istehsal təyinatlı, 14604,3 min manatı isə qeyri-istehsal təyinatlıdır. 23361,0 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 13903,0 min manat olmuşdur ki, bu isə əvvəlki ilə nisbətən 67,9 faiz azdır. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 2091,0 min manat və sahəsi 5670,0 kvadrat metr olan 43 yaşayış evləri tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayədə büdcə vəsaitləri 10915,5 min manat və ya 63,3 faiz, qeyri-büdcə vəsaitləri 4247,2 min manat və ya 24,6 faiz, əhalinin şəxsi vəsaitləri 2091,0 min manat və ya 12,1 faiz, təşkil etmişdir “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2021-ci il ərzində bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda xeyli sayda iri sahibkar təsərrüfatları fəaliyyət göstərir.
2021-ci il ərzində rayon daxilində olan bütün avtomobil yollarının yolların çiyin hissələri avtoqreyderlə plana salınmış, torpaq yataqları kol-koslardan təmizlənmiş, su ötürücü boruların giriş-çıxışları təmizlənmişdir. Gəncə-Samux, Samux-Lək, Samux-İnstitut-Sarıqaya, Samux-Qaraağaclı, Samux-Yenikənd-Poylu-Burunqovaq avtomobil yollarının çiyin hissələrində və yollarda qum-çınqıl qarışığı materialı ilə təmir işləri həyata keçirilərkən 25,9 min m³ həcmində çınqıl materialı işlədilmişdir. Ümumilikdə 15440,0 m² sahədə 1272 ton miqdarında asfalt-beton işləri görülmüşdür.
Eyni zamanda Burunqovaq avtomobil yollarında su keçidlərində diametri 800 mm ölçüdə olan 10 metr uzunluğunda olmaqla dəmir-beton, diametri 500 mm ölçüdə olan 70 metr uzunluğunda olmaqla metal borular quraşdırılmışdır. Poylu-Kəsəmən-Salahlı-Qarabağlı kəndlərinin hər birində 1 ədəd olmaqla 4 ədəd dayanacaqlar quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Hesabat ilində yağış-sel suları nəticəsində Yenikənd-Poylu, Burunqovaq və digər avtomobil yollarında baş vermiş təbii fəlakətlərin fəsadları qısa müddətdə aradan qaldırılaraq nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətləri təmin edilmişdir.
Rayonda elektrik şəbəkəsinin enerji dayanaqlığnı, enerji itkilərinin və enerji verilişində fasilələrin qarşısının alınması ilə əlaqədar olaraq, bir çox kəndlərdə yenidənqurma və bərpa- təmir işləri görülmüşdür.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Hal-hazırda rayonun 30 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir.
Hesabat dövrü ərzində rayon abonentlərinin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə xidmət sahəsində İnstitut qəsəbə və Bağmanlar kəndində diametri 108 mm olan daşıyıcı xəttin 463 metri çəkilmişdir. Samux şəhərinin inzibati sərhəddi daxilində diametri 160 mm olan polietilen boru xəttinin 2800 metri çəkilmişdir ki, bu da öz növbəsində Samux şəhərinin bir hissəsinə və Füzuli kəndinə təbii qazın normal verilməsinə müsbət təsir göstərir. Sərkar kəndinə tədbirlər planına əsasən diametri 76 mm-lik 372 p/m qaz xəttinin çəkilməsi və boru xəttinin rənglənməsi işləri başa çatdırılmışdır. Rayonun Qarayeri, Qarabağlar və Ziyadlı yaşayış məntəqələrində tədbirlər planına əsasən 2816 metr qaz xəttinin çəkilişi yerinə yetirilmişdir. Ziyadlı kəndində diametri 159 mm və uzunluğu 3000 metr olan qaz xətti rənglənmiş və Lək kəndindən Hacıalılı kəndinə gedən 4000 metr qaz xətti (diametri 108 mm olan polad boru) dayaqlar üzərinə qaldırılmışdır. “Təmiz Qaz” xidməti tərəfindən 5702 ədəd sızma aşkar edilmiş, bundan 5660 ədəd sızmanın qarşısı alınmışdır.
Hesabat dövrü ərzində Qarayeri və İnstitut qəsəbələrində, Ziyadlı,Sərkar, Qiyaslı və Hacıalılı kəndlərində əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə istismar müddəti bitmiş QTS-lərin yerinə yeni 13 ədəd SQTM-lər quraşdırılmışdır. Sərkar kəndində Tədbirlər Planına uyğun olaraq diametri 108 mm olan 478 p/m qaz xəttinin çəkilməsi başa çatdırılmışdır.
Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama uyğun olaraq, 3,24 hektar sahədə təmizləyici qurğu və 2,22 hektar sahədə su anbarı inşa edilmişdir. Samux şəhərinin ərazisində küçə xətlərində baş verən bütün yeraltı sızmaların və digər neqativ halların qarşısı vaxtında alınmışdır. Samux şəhərində yerləşən 36 mənzilli çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün 200 m³ su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. 2021-ci il ərzində əsas telefon aparatlarının sayı 88 ədəd artırılaraq, 8942 ədədə çatdırılmışdır. Yüksək sürətli internet portalının (aztelekom.net) tutumu 1012 port artırılaraq 7172 porta çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən istifadə edən abonentlərin sayı 6770 abunəçiyə çatmışdır ki, bu da keçən ilin müvafiq dövründəkindən 726 abunəçinin artmasını göstərir.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 2021-ci il üçün 6 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Subartezian quyularında 2021-ci il ərzində müvafiq olaraq 370 ədəd nasos, 24 ədəd elektrik avadanlığı və nasos stansiyalarında mexaniki və elektrik avadanlıqları təmir edilmişdir. Hesabat dövrü ərzində subartezian quyusunun və nasos stansiyalarında müvafiq olaraq 64,90 mln.kvt/s elektrik enerjisi sərf olmuş və dəyəri Samux Elektrik Şəbəkəsinə ödənilmişdir. Bunun nəticəsində 207,394 milyon m³ su istehsal edilmiş və əkin sahələrinə verilmişdir.
Torpaqların suvarılması üçün kanallarda 2021-ci il ərzində rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda (514 min m³ və ya 360 km) lildən təmizləmə işləri aparılmışdır. Kanallarda və çaylarda 106 min m³ sahilbərkitmə və selə qarşı torpaq işləri görülmüşdür. Kanallarda 30 ədəd HTQ, 24 ədəd hidropost təmir edilmişdir. Təsərrüfatarası və təsərrüfatdaxili kanallarda 30000 m² kol-kosdan təmizləmə işləri aparılmışdır. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə işləri aparılır. 2000 metr boru kəmərlərində təmir işləri aparılmış, boru kəmərləri tam işlək vəziyətə salınmışdır.
Hesabat dövrü ərzində rayon ərazisində olan əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün 5 ədəd subartezian quyusunda yeni kalonun qazılması planlaşdırılmış və hal-hazırda işlər başa çatmışdır.
Hesabat dövrü ərzində Gəncə çayında, Qabırrı çayında, Qoşqar çayında torpaq işləri görülmüşdür. Əsaslı təmir işləri üzrə dinaraj kanalının beton üzlüyə alınması planlaşdırılmış və il ərzində 1,5 km məsafədə kanal beton üzlüyə alınmışdır.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 fərdi evin tikintisi işləri davam etdirlir. Seyidlər kəndi ərazisində inşa edilmiş 200 ailəlik şəhərcikdə son tamamlama işləri başa çatdırılaraq istismara verilmişdir. Hesabat ilində ümumilikdə 57 ədəd mənzil şəhid ailələri, müharibə əlilləri və Çernobıl əlillərinə verilmişdir.
Hesabat dövründə respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrü ərzində 185 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 9-u Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 26 layihə üzrə rayon sahibkarlarına verdiyi 536,5 min manat güzəştli kreditin hesabınadır.
Hesabat dövrü ərzində görülmüş işlərin ən əsası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanin 9-cu bəndinin icrasına əsasən əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin və regionlarda iş yerlərinin artirilması məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, haqqı ödənilən ictimai işlərin, o cümlədən abadlıq, təmizlik və digər işlərin təşkili ilə əlaqədar Mərkəz tərəfindən 443 nəfər işsiz vətəndaşın işlə təmin olunmasıdır.
2021-ci il ərzində “DOST İŞ MƏRKƏZİ” MMC-yə MAS vasitəsi ilə ictimai işlərə göndərişlər verilmiş və 173 nəfər işlə təmin olunmuşdur ki, onlardan 11 nəfəri şəhid ailəsi, 3 nəfər qazi, 1 nəfər müharibə iştirakçısı və 1 nəfər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış şəxsdir.
Hesabat dövrü ərzində əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 07 aprel 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar, özünüməşğulluq proqramında mərkəzdə qeydiyyatda olan və işaxtaran vətəndaşlardan (aztəminatlı ailələrdən) biznes ideyası, bacarığı olan 57 nəfəri seçilib təlimə cəlb edilməklə işlə təmin edilmişdir. İşlə təmin edilənlərdən 13 nəfəri şəhid ailəsinin üzvləri, 5 nəfər qazi və 13 nəfəri isə Qarabağ müharibəsi iştirakçısıdır.
2021-ci il ərzində rayon ərazisində səhiyyə sisteminin yaxşılaşdırlması istiqamətində inşa edilən yeni xəstəxana kompleksinin tikintisi davam etdirilir.
Hesabat dövrü ərzində İnstitut qəsəbəsində 960 şagird yerlik tam orta məktəbin tikinti işləri sona çatıdırılaraq istifadəyə verilmişdir. Çobanabdallı kəndində isə 624 şagird yerlik tam orta məktəbin tikinti işlərində son tamamlama işləri aparılır. Sərkar kəndinin inzibati ərazisində 300 şagird yerlik uşaq musiqi məktəbinin tikinti işləri davam etdirilir.
2021-ci ildə nəqliyyat və anbar təsərrüfatında mal və xidmətlərin həcmi 9,7 faiz artaraq, 1951,8 min manata çatmışdır. Sərnişin daşınması 0,6 faiz artaraq, 5249,0 min sərnişin, sərnişin dövriyyəsi isə 36743,0 min sərnişin km olmuşdur. Hesabat dövründə 329,0 min ton yük daşınmışdır ki, bu isə əvvəlki ilə nisbətən 0,6 faiz çoxdur.
Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 1015,6 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz çox olmuşdur. Hesabat dövründə telefon çəkilişi 88, telefon aparatlarının sayı isə 8942 ədəd olmuşdur.
2021-ci ildə rayon üzrə pərakəndə ticarət dövriyyəsi 100273,3 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,1 faiz azdır. Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 1687,5 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət dövriyyəsinin 44,6 faizini təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin 63372,7 min manatı və ya 63,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 36900,6 min manatı və ya 36,8 faizi isə qeyri-ərzaq məhsullarının payına düşür.
Topdansatış əmtəə dövriyyəsi 1861,7 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1083,0 min manat və ya 2,4 dəfə çox olmuşdur.
2021-ci ildə əhaliyə 23615,0 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətin 2000,4 min manatını və ya 8,5 faizini məişət xidməti təşkil edir.
Fiziki şəxslər tərəfindən əhaliyə 15577,7 min manatlıq və ya ümumi həcmin 66,0 faizi qədər ödənişli xidmət göstərilmişdir.
Hesabat dövründə əhaliyə cəmi 2040,5 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 340,1 min manat və ya müqayisəli qiymətlərlə 14,7 faiz çoxdur. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 81 fiziki şəxs məşğul olmuşdur.
2021-ci ilin sonuna siyahı tərkibində olan işçilərin sayı 5529 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği isə 464,1 manat olmuşdur.