Vətən Müharibəsi Qəhrəmanının ailəsi ilə görüş təşkil olundu.
Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Samux rayonunun Lək kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Hüseynov Əli Rəşid oğlunun ailəsi evində ziyarət olundu. Vətən Müharibəsi Qəhrəmanının ailəsinin sosial durumu ilə maraqlanıldı, döyüş yolu haqqında danışıldı. Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdiri Qurban Həsənov və həmin şöbənin böyük məsləhətçisi Rüstəm Ramizli Vətən Müharibəsi Qəhrəmanının Vətən müharibəsi zamanı göstərdiyi şücaəti gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi adlandırdılar, müharibə iştirakçılarımızla qürur duyduqlarını qeyd etdilər. Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Əli Hüseynov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq "Vətən Müharibəsi Qəhrəmanı", "Şücaətə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və bir çox başqa medallarla təltif edilib.