Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Yeni Azərbaycan Pariyasının yaradılmasının 29-cu ildönümü qeyd olundu.

19 noyabr 2021 | 16:00

19 noyabr  2021- ci il tarixində  Yeni Azərbaycan Partiyasının  yaradılmasının  29-cu ildönümü münasibəti ilə  YAP Samux Rayon Təşkilatında “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirildi. Konfransda YAP rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak edirdilər.    
Tədbir iştirakçıları ilk öncə  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, heykəlin önünə  gül-çiçək dəstələri düzdülər.
Konfransı giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev Yeni Azərbaycan Partiyasının 29   ildə keçdiyi şərəfli yoldan ətraflı bəhs etdi. O qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının təsis olunması ölkə tarixinin mühüm səhifələrindən biridir. Sonra natiq Yeni Azərbaycan Partiyasının yaranmasında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı danışdı.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, onun yaradıcısı, Ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyasından, partiyanın cəmiyyətdəki rolundan, rayon təşkilatının fəaliyyətindən ətraflı bəhs edərək, qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər bu partiyanın tərkib hissəsindən biri olan Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında da öz əksini tapmışdır.
Belə ki,  hər şeydən əvvəl Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında say tərkibinin artımı yönündə müsbət irəliləyişlər əldə edilmişdir. 1993-cü ildə rayon təşkilatı cəmi 3 ilk ərazi partiya təşkilatı, 30 nəfər partiya üzvünü birləşdirdisə, indi hal-hazırda 104 ilk partiya təşkilatı öz ətrafında 5338 partiya üzvünü birləşdirir. Onlardan 1610  nəfəri təhsildə, 394 nəfəri səhiyyədə, 304  nəfəri mədəniyyət və başqa sahələrdə   çalışan insanlardır. Bunlardan 3112 nəfəri yəni   58.3 % qadınlar, 1659 nəfərini isə yəni 31.1 %-ni gənclər təşkil edir.
  Daha sonra tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini  Kəmalə Xəlilova,  partiya  fəallarından  Vidadi İsayev, Rüstəm Ramizli və Gülvin Babayeva çıxış edərək  qurucusu ümummilli liderimiz Heydər Əliyev olan YAP-ın çox çətin sınaqlardan keçərək bu gün də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdılar.
Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim edildi və partiyanın 29-cu ildönümü münasibətilə keçirilən şahmat turnirinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər