Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin əziz xatirəsi şəhadətinin ildönümündə böyük ehtiramla yad edildi.

13 noyabr 2021 | 16:00

13 noyabr 2021-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsinin şəhidi Məmmədzadə Elvin İlham oğlunun şəhadətinin ildönümündə iştirak etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidin valideynləri,  dostları, yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak etdi.  Samux şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilmiş bulağın açılış mərasimində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.  Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digər çıxış edənlər Vətən müharibəsində qazanılan zəfərdən, Vətən müharibəsi şəhidi Məmmədzadə Elvin İlham oğlunun döyüş yolu haqqında danışdılar. Şəhidin məzarı ziyarət edildi, ruhuna dualar oxundu.
44 günlük Vətən müharibəsinin şəhidi Məmmədzadə Elvin İlham oğlu 22 noyabr 1996-cı il tarixdə Samux şəhərində anadan olmuşdur. Samux şəhər 1 saylı məktəb-liseyin məzunudur. İlk öncə Cəmşid Naxçıvanski adına hərbi-liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Hərbi təhsil aldığı müddətdə baş çavuş və Bayraqdar vəzifələrini uğurla icra edib. Nümunəvi xidmətinə görə müharibədən əvvəl "Azərbaycan Ordusunun 100 illiyi 1918-2018" yubiley medalı ilə təltif edilib. 2019-cu ilin iyul ayından orduda taqım komandiri vəzifəsində  leytenant kimi xidmətə başlayıb. Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə fərqləndiyinə görə bölük komandiri vəzifəsinə layiq görülüb, uşaqlıqdan riyazi elmlərə  böyük marağı olub.  Şəhid 44 günlük Vətən  müharibəsində Füzuli, Cəbrayıl,  Qubadlı və Şuşa-Xankəndi istiqamətində gedən qızğın döyüşlərdə yüksək peşəkarlıqla döyüşdüyünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  "Azərbaycan bayrağı" ordeni ,  "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 09 noyabr 2020-ci il tarixdə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 13 noyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn olunub.

Keçidlər