Samuxda meyvə istehsalı 5454 ton olmuşdur.
Meyvəçilik rayonun kənd təsərrüfatının əsas sahələrindən biridir. Hal-hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və sair tipli meyvə növləri yetişdirilir. Rayonda meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrində üstünlük təşkil edir. Lakin buna baxmayaraq son illər əhali öz pay torpaqlarında da yeni meyvə bağları salır.
01.09.2021-ci il tarixinə rayonda 2122,3 hektar meyvə və giləmeyvə bağları mövcud olmuşdur. Meyvə və giləmeyvə bağlarının, o cümlədən 1452 hektarı bar verəndir. 2021-ci ilin ilk 8 ayında sahələrdən 5454 ton meyvə və giləmeyvə, o cümlədən 824 ton alma, 677 ton armud , 335 ton şaftalı, 507 ton ərik, 418 ton gilas, 90 ton albalı, 461 ton gavalı, 704 ton alça, 360 ton göyəm, 64 ton fındıq, 373 ton əncir, 473 ton zoğal, 124 ton tut və 44 ton giləmeyvəlilər yığılmışdır. Meyvənin məhsuldarlığı hər hektara görə 37,6 sentner olmuşdur. Meyvə və giləmeyvənin 31 tonu kənd təsərrüfatı müəssisələrində, 5423 tonu isə əhali təsərrüfatlarında istehsal olunmuşdur.
Meyvə bu gün əsas qida məhsullarından biri hesab edilir. Tərkibində xeyli miqdarda mineral maddələr və vitaminlər olduğuna görə meyvələr həm də sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Hal-hazırda meyvəçilik əhalinin gəlir mənbələrindən biri hesab edilir. Rayon əhalisi istehsal etdiyi məhsulları şəhər və xarici bazarlara çıxarmaqla, onların satışından xeyli gəlir əldə edir..
Samux Rayon Statistika İdarəsi