Samux rayonu dinamik inkişaf edir: ilin birinci yarısı makroiqtisadi göstəricilərdə
Respublikamızın gündən-günə inkişaf edən rayonlarından biri də Samuxdur. Dövlət başçısının rayona səfərləri zamanı burada kənd təsərrüfatının, yol-nəqliyyat infrastrukturunun, əhalinin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarının icrası rayonun inkişafında mühüm rol oynayıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, son illərdə - 2003-cü ildən başlayaraq 2019-cu ilin sonuna qədər rayonda məhsul istehsalı 3,5 dəfə, sənaye 3,9 dəfə, kənd təsərrüfatı 2,6 dəfə, əsas kapitala yönəldilmiş vəsait isə 19,4 dəfə artıb.
Altı ayın göstəriciləri rəqəmlərdə
2020-ci ilin birinci rübünədək rayonda 24787 yeni iş yeri açılıb, bu il ödənişli əsaslarla 305, pandemiya ilə əlaqədar isə 150 müvəqqəti iş yeri yaradılıb.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, Samuxda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədilə dövlət başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilib. Təkcə bu ilin altı ayında 136 yeni iş yeri yaradılıb. Yaradılmış yeni iş yerlərindən 3-ü Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 8 layihə üzrə verilən 185 min manat güzəştli kreditin hesabınadır.
İlin ilk yarısında “DOST İş Mərkəzi” MMC vasitəsilə ictimai işlərə göndəriş verilən və bununla da işlə təmin olunan vətəndaşlar 155 nəfər olub. Onlardan 6 nəfəri şəhid ailəsi, 1 nəfər qazi və 1 nəfər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış şəxsdir. 279 nəfər işə düzələnin 124-ü müəssisələr tərəfindən işə götürülüb. Onlardan 3 nəfər şəhid ailəsi və 5 nəfər əlilliyi olan şəxslərdir. Əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar, özünüməşğulluq proqramına uyğun olaraq mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaşlardan 25 nəfəri (aztəminatlı ailələrdən biznes ideyası, bacarığı olanlar seçilib təlimə cəlb edilməklə) işlə təmin edilib. Onlardan 2-si şəhid ailəsinin üzvləri və 1-i isə Qarabağ müharibəsi əlilidir.
Əhalinin elektrik enerjisi ilə təmin olunmasının yaxşılaşdırılması üçün də mühüm addımlar atılıb. 15 ədəd müxtəlif güclü transformator, həmçinin Samux Rayon Suvarma Sistemləri İdarəsinin su quyularına xidmət edən 11 transformator məntəqəsinin transformatorları əsaslı təmir olunub. Yeni sayğacların quraşdırılması üçün “ASAN xidmət” mərkəzinə müraciət etmiş rayon sakinlərinin elektrik enerjisi ilə təmin olunmaları üçün 105 ədəd 0,4 kv-luq yeni dayaqlar quraşdırılıb, 2505 metr uzunluqda SİP naqillərlə elektrik xətti çəkilib və bununla da vətəndaşların elektrik təminatları yaxşılaşdırılıb. Sərkar kəndində aparılan abadlıq işləri ilə əlaqədar 160 kvt-luq transformator məntəqəsinin yeri dəyişdirilib, 1880 metr 0,4 kvt-luq köhnə şəbəkə və 20 ədəd yeni dayaq quraşdırılaraq yenilənib.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülüb. Hazırda rayonun 30 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün isə müvafiq sərəncama uyğun olaraq, 3,24 hektar sahədə təmizləyici qurğu və 2,22 hektar sahədə su anbarı inşa edilib.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Yüksəksürətli internet portalının tutumu 6672 porta qədər artırılıb. Hazırda rayonda internet xidmətindən istifadə edən abonentlərin sayı 6450 abunəçiyə çatıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı çərçivəsində onlar üçün 9 fərdi evin tikintisində son tamamlama işləri görülür. Seyidlər kəndi ərazisində qaçqın və məcburi köçkün ailələri üçün 200 ailəlik şəhərcikdə hazırda son tamamlama işləri həyata keçirilir.
Səhiyyə sisteminin yaxşılaşdırılması istiqamətində rayon mərkəzi xəstəxanası üçün inşa edilən yeni xəstəxana kompleksinin tikintisi davam etdirilir. Yeni səhiyyə müəssisəsinin inşası rayonda bu sahədə də əsaslı dönüşə yol açacaq.
Təhsil sahəsi də diqqətdən kənarda qalmayıb. İlin birinci yarım ilində İnstitut qəsəbəsində 960 şagird yerlik tam orta məktəbin tikintisi sona çatdırılıb, Çobanabdallı kəndində isə 624 şagird yerlik tam orta məktəbin tikinti işlərinə başlanılıb və hazırda tikinti işləri davam etdirilir.
Məhsul istehsalının həcmi artıb, əhalinin gəlirləri yüksəlib
2021-ci ilin yanvar-iyun aylarının makroiqtisadi göstəriciləri Samux rayonunun iqtisadiyyatının dinamik inkişaf etdiyini göstərir. Məhsul istehsalı sahələrində istehsalın həcmi artıb, xidmət sahələrinin fəaliyyəti genişlənib, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı yüksəlib.
Rayon üzrə 9692,7 hektar taxıl sahəsində biçin aparılıb. Həmin sahələrdən 37469,5 ton məhsul yığılıb. Məhsuldarlıq hər hektardan orta hesabla 38,6 sentner olub. Cari ildə bundan başqa 1844,3 ton kartof, 8793,2 ton tərəvəz istehsal edilib. 2021-ci ilin II rübünün sonuna təsərrüfatlarda 24127 baş iribuynuzlu mal-qara, 140806 baş qoyun-keçi olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 838 baş və ya 3,6 faiz, qoyun və keçilər isə 3179 baş və ya 2,3 faiz artıb.
Sənayeyə 268,0 min manat, kənd təsərrüfatına 26,5 min manat, rabitəyə 6,0 min manat, sosial sahəyə 3935,4 min manat, tikinti işlərinə isə 1144,0 min manat investisiya qoyulub. Əsas kapitala qoyulan investisiyanın 300,5 min manatı istehsal təyinatlı, 5079,4 min manatı isə qeyri-istehsal təyinatlıdır. 1454,1 min manat əsas fondlar istifadəyə verilib. Tikinti-quraşdırma işlərinin həcmi 4602,2 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,1 faiz çoxdur.
Samux, Elcan Məmmədov, AZƏRTAC