Samux rayonunda Silahlı Qüvvələr Günü qeyd olunub, hərbi qulluqçuların medalları şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına təqdim edildi
Samux rayonunda Silahlı Qüvvələr Günü qeyd olunub, hərbi qulluqçuların medalları şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına təqdim edilib.
İyunun 26-da Samux Rayon İcra hakimiyyəti və SHXÇDX-nin Samux rayon bölməsi ilə birgə 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş bayram tədbiri keçirib.
Tədbirdə Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev,hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə Heydər Parkında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb və ziyarət olunub.
Sonra rayonun şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Görüşdə Alı Qocayev çıxış edib. O, çıxışında deyib: “ Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyirəm. Qələbə sevincini və qürurunu xalqımıza yaşadan şəhidlərin və qazilərin hər zaman qəlblərdə yaşayacağını, heç zaman unudulmayacağını qeyd edib. Dövlətimiz və xalqımız qarşısında xidmətləri olan insanların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarından bəhs edib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş hərbi qulluqçuların ölkə başçısının sərəncamları ilə müxtəlif orden və medallarla, fəxri adlarla təltif edildiyni diqqətə çatdırıb. Təltifə layiq görülən qəhrəman əsgər və zabitlər arasında Samux rayonundan hərbi xidmətə səfərbər edilən yüzlərlə gənclərimizin olduğunu vurğulayıb. Qəhrəman əsgər və zabitlərimizin bundan sonra da Vətənimizin keşiyində əzmlə, rəşadətlə və vüqarla dayanacağını söyləyib. 30 ilə yaxın davam edən işğala və haqsızlığa son qoyuldu və tarixi ədalət bərpa edildi. Azərbaycan ordusu doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını qalib dövlət kimi bütün dünyaya göstərdi”.
Alı Qocayev çıxışında onu da vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hər bir şəxs və onun ailəsi dövlətimizin xüsusi diqqət və qayğısı altında himayə olunur.
Digər çıxış edənlər də Azərbaycan Ordusunun tarixindən və 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən söz açıblar.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bayram tədbirində Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunmuş hərbi qulluqçuların medallarını onların ailə üzvlərinə və Vətən müharibəsi iştirakçılarına təqdim edib. 44 günlük Vətən müharibəsi dövründə rayonda vətənpərvər kimi göstərdiyi fəaliyyətinə görə rayonun İmamı Hacı İlham Məmmədova da rayon rəhbərliyi tərəfindən Fəxri Fərman verildi.
Sonda xatirə şəkli çəkilib.