Samux rayonunda Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi.
Samux rayon Lək kəndindən olan Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun ad günü münasibəti ilə şəhidin adına tikilmiş ehsan bulağının açılışı oldu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun əməkdaşları, Gənclər və İdman İdarəsi, şəhidin valideynləri, qohumları, yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak etdilər. Tədbirdə çıxış edənlər Vətən müharibəsi şəhidi haqqında, onun keçdiyi şərəfli döyüş yolu haqqında danışdılar. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Şəhidin adına tikilmiş ehsan bulağının açılışı olduqdan sonra şəhidin məzarı ziyarət olundu. Daha sonra ailəsi evində ziyarət olundu. Əlavə məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi olan Arif Həmzəyev torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvaviq sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib, 05 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.