15 İyun Milli Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
14 iyun 2021- ci il tarixdə YAP Samux rayon təşkilatında Milli Qurtuluş günü münasibətilə “15 İyun Milli Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb” mövzusunda onlayn konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ilk öncə konfrans iştirakçılarını Milli Qurtuluş günü münasibətilə təbrik edərək, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərin olduğunu, belə günlərdən ən önəmlisinin tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü olduğunu qeyd etdi. Gündüz Bayramov Milli Qurtuluş Gününün əhəmiyyətindən danışaraq bu bayramın Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu və İyunun 15-nin xalqımız üçün əsl qurtuluş tarixi olduğunu, bu tarixi yaradanın isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyev olduğunu xüsusilə diqqətə çatdırdı. O, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamasından danışdı.
Konfransda qonaq qismində dəvət edilmiş Samux rayonu Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, veteran YAP-çı Nizami Məmmədov çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasi arenaya dönüşünün milli qurtuluş tariximizin əsasını qoymasından söhbət açdı. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsinin xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunduğunu diqqətə çatdırdı. Nizami Məmmədov, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadiminin tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmasından qürurla bəhs etdi.
Daha sonra konfransda iştirak edən YAP üzvləri Kəmalə Xəlilova, Gülmira Nəbiyeva, Nuridə Həsənova, Şəlalə Tağıyeva, Günel Əhmədova və Təhminə Əliyeva Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilas günü olduğunu, Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğunu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gün olduğunu qeyd etdilər. Natiqlər 15 İyun tarixinin təkcə dövlətçiliyimizin xilası olmadığını, bu tarixin həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdiyini diqqətə çatdırdılar. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı ilə onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolunun doğma Vətənə xidmət nümunəsinə çevrilməsindən söhbət açdılar. Natiqlər daha sonra qeyd etdilər ki, Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.