Mehriban Əliyeva- xalqını sevdiyi qədər, sevilən insandır
03.06.2021-ci il tarixdə YAP Samux rayon təşkilatında “Mehriban Əliyeva- xalqını sevdiyi qədər, sevilən insandır” mövzusunda videokonfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı mühüm rolu və danılmaz xidmətləri haqqında geniş söhbət açdı. Mehriban xanım Əliyevanın fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşdirilməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanıdılmasına və təbliğinə nail olduğunu qeyd etdi. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirməsini , onların problemlərinin həllinə kömək etməsini diqqətə çatdırdı. Xalqın xidmətində dayanaraq ona böyük məsuliyyət və sevgi ilə, onun rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük ürək sahibinin uğurlarından danışdı. Gündüz Bayramov qeyd etdi ki, xalq el üçün yanan, vətənin sabahı naminə çalışanları, həyatda izini qoyanları sevir, ona ehtiramını bildirir.
Daha sonra tədbirdə YAP üzvləri Xəlilova Kəmalə, Məmmədova Aytən, Atai Ağca, Vəkilova Sevil, Hüseyinova Ramilə, Həsənova Raminə və Vəliyeva Leyla çıxış etdilər. Onlar qeyd etdilər ki, hər bir zərif qadının arxasında güclü, qüdrətli bir kişi dayanmalıdır. Amma güclü, qüdrətli kişinin də yanında ağıllı, müdrik, nəcib, xeyirxah bir qadının olması bu birliyə bütövlük gətirir. Böyük missiya daşıyan tərəflər üçün bu tamlığın olması xüsusilə zəruridir. Bu mənada ölkənin və xalqın taleyi Prezident İlham Əliyev və onun fədakar xanımı Mehriban Əliyevanın güclü, qətiyyətli fəaliyyətinə bağlıdır. Bu gücə dayaq olan da məhz xalqdır. Xalqla hakimiyyətin birliyi Azərbaycanın gələcəyinin qarantıdır. Natiqlər həmçinin Mehriban Əliyevanın bütün hallarda - xoş məqamlarda, çətin və mürəkkəb situasiyalarda belə dəyişməz- dəyanətli, güclü, qətiyyətli və bütöv olduğunu diqqətə çatdırdılar. Hər zaman və hər yerdə özü olduğunu, ən ümdəsi də xalqını sevdiyi qədər sevilən bir insan timsalında Birinci xanım olduğunu qeyd etdilər.