15-iyun Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd edildi
15 İyun- Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də Samux rayon İcra Hakimiyyətinin iclas zalında yığıncaq keçirilmişdir. Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və Milli Məclisinin sədr müavini cənab Valeh Ələsgərov ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini cənab Valeh Ələsgərov, rayon İcra Hakimiyyəti başçısının aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri iştirak etmişdir.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev yığıncağı açaraq, öncə Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını və bütün samuxluları təbrik etdi və bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu öndər - Heydər Əliyevdir.
Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, İstixana kənd ümumi orta məktəbinin direktoru Nüşabə Abdullayeva, Samux şəhər 2 saylı tam orta məktəbinin müəllimi Aidə Namazova və Alıuşağı kənd tam orta məktəbinin direktoru Musa Əsədov çıxışlarında ötən əsrin 90-cı illərində respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil etmiş, ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən azad olunduğunu xüsusi vurğulamışlar.
Tədbirin sonunda Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini cənab Valeh Ələsgərov çıxış edərək, qeyd etdi ki, 1993-cü ilin may-iyun aylarında respublikada hakimiyyət böhranı son həddə çatmışdı. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmış, Azərbaycan dünyanın siyası xəritəsindən silinmək həddinə çatmışdı. Zaman və hadisələr, həyatın özü tələb edirdi ki, kimsə öz xalqının inamını qorusun, ölkəni fəlakətlərdən xilas edə bilsin.
Həmin təlatümlü günlərdə Azərbaycan xalqı qətiyyətlə ayağa qalxaraq dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi. Azərbaycanın o zamankı dövlət rəhbərləri Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Dövlətimizin idarəçilik sükanı dahi dövlət xadiminin əlinə keçdi. Vətən, millət fəlakətdən xilas oldu, qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Məhz bu baxımdan, 1993-cü il iyunun 15-i Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günü olaraq, tariximizə qızıl hərflərlə əbədi həkk olunmuşdur.
Cənab Valeh Ələsgərov xüsusi vurğuladı ki, bu gün ümummilli liderin bizlərə ərmağan etdiyi müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
* * *
İyun ayının 15-də axşam saatlarında Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında Milli Qurtuluş Günü münasibətilə geniş konsert proqramı təşkil olunmuşdur. Minlərlə samuxlunun iştirak etdiyi konsertdə respublikamızın populyar müğənniləri və Samux şəhər Uşaq musiqi məktəbini kollektivi çıxış etmişdir.
Rəngarəng musiqi nömrələri ilə davam edən bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.