Azərbaycan müttəfiqləri ilə səmimi olub
Azərbaycanın daxili və xarici siyasətində heç bir gizli məqam olmayıb.Ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib. Çünki bu siyasət yalnız təmiz ideyalara, milli və mənəvi maraqlara əsaslanıb. Qarşılıqlı və səmimi əməkdaşlığa əsaslanan Azərbaycan qonşu dövlətlərlə münasibətlərini hər zaman inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləmişdir.
Yaxın qonşu ölkələr regionda sərbəst və müstəqil siyasət yeridən Azərbaycanı özlərinə strateji tərəfdaş və müttəfiq ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti öz mövqeyini bildirir və mənafelərini qoruyur.
Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır. Bütün bu nailiyyətlər, qarşılıqlı əməkdaşlıqlar Azərbaycan dövlətinin dostluq, səmimilik, dürüstlük ideyalarını hər şeydən yüksək tutmağına əsaslanır! Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşların sınağından çıxmış mövqedir.