Samux rayon ümumi təhsil məktəblərində çalışan praktik psixoloqlarla təlim keçirilib
Samux Rayon Təhsil Şöbəsinin tabeliyinə daxil olan ümumi təhsil müəssisələridnə çalışan psixoloqlar ilə birgə onlayn formada “Təhsil müəssisilərində psixo-pedaqoji fəaliyyətin təkmilləşdirilməsi”, “Psixoloqların fəaliyyətinin intihar hallarının profilaktikasına yönəldilməsi”, “Narkomanlıq probleminə dair psixoloqların maarifləndirilməsi” mövzularında təlim təşkil edilib.
Təlimdə Samux Rayon Təhsil Şöbəsinin metodisti Nəsibova Sabitə Rövşən qızı və rayon ümumi təhsil məktəblərinin psixoloqları iştirak edib.
Mövzular ətrafında çıxış edən metodist Sabitə Nəsibova qeyd etdi ki, təhsil müəssisələrində psixo-pedaqoji fəaliyyət Azərbaycan təhsilinin əsas istiqamətlərindən birini təşkil edir. Ümumtəhsil məktəblərində psixoloji xidmətin səmərəliyinin artırılmasına nail olmaq üçün, ilk növbədə, onun məqsəd və məzmununa nəzər salınmalıdır. Psixoloji xidmətin əsas məqsədləri şagirdlərin hərtərəfli, inkişaf etmiş şəxsiyyət kimi formalaşdırılmasında və təhsil prosesinin bütün iştirakçılarının öz yaradıcılıq imkanlarını həyata keçirilməsində yardım etməkdən ibarətdir. Bunun üçün də məktəb psixoloqu sinif rəhbərləri, fənn müəllimləri, şagird və valideynlərlə əlaqəli işləməli, müəllim-şagird, məktəb-valideyn əməkdaşlığının inkişaf etdirilməsinə istiqamət verməlidir.
Metodist ikinci mövzu haqqında çıxış edərək qeyd etdi ki, son vaxtlarda özünü öldürmə və özünü öldürməyə cəhd hadisələri geniş vüsət almışdır. Bu hadisələrin baş verməməsi üçün psixoloqlar mütəmadi şagirdlərlə görüşlər keçirməli, psixoloqlar öz fəaliyyətlərini intihar hallarının profilaktikasına yönəltməli, ayrı-ayrı problemlərlə üzləşən şagirdlər və valideynləri ilə mütəmadi izahedici söhbətlər aparmalı, problemli şagirdlərin məktəbdə, ailə daxilində və ailədən kənar davranışlarını nəzarətdə saxlamalıdırlar.
Son mövzu ərtafında çıxış edən metodist qeyd etdi ki, günümüzün ən aktual mövzusu bəşəri problem olan Narkomaniyadır. Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən bir bəladır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin hər bir vətəndaşının, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Psixoloqlara tövsiyyə edildi ki, narkomaniyaya aid mövzular seçərkən şagirdlərdə maraq oyadan “Bəşəriyyətin düçar olduğu bəla”, “Narkomaniya və acınacaqlı həyat”, “Gəlin gələcəyimizi qoruyaq!” kimi mövzu başlıqlarından istifadə etsinlər.
Təlim məktəb psixoloqları ilə qarşılıqlı diskussiya şəklində sona çatıb.