Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

18 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son on ildə  bir sıra mühüm  nailiyyətlərə imza atmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. 
Bu illər ərzində qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. Belə ki, “Dünya rəqabət qabiliyyətliyi 2013-2014” hesabatında Azərbaycan MDB ölkələri arasında ilk sırada qərarlaşmışdır.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə isə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdədir.
2014-cü ilin ötən 6 ayında qazanılmış uğurlar, qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə həll olunması Azərbaycanın hərtərəfli inkişafının davam etdiyini bir daha təsdiqləyir.
Bütün bunların təməlində dayanan isə ölkə başçısı tərəfindən  düşünülmüş düzgün siyasət, sabitlik, iqtisadi islahatların həyata keçirilməsidir.
Cənab Prezidentin sədrliyi ilə keçirilən  Nazirlər Kabinetinin 2014-cü  ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da görülmüş işlərdən ətraflı bəhs edilmiş, həyata keçiriləcək tədbirlər haqqında geniş məlumat verilmişdir.
Azərbaycanda hazırda ümumi daxili məhsulun artımı, əsasən, qeyri-neft sektorunun hesabına formalaşır. 
2014-cü ilin birinci yarısında  Azərbaycan iqtisadiyyatı 2,1 faiz artmışdır.
Qeyri-neft sektorunda isə 7,0 faizlik artıma nail olunması və onun ÜDM-də payının artaraq 56,3 faizə yüksəlməsi də bunu təsdiq edir.
Ölkəmizin  iqtisadiyyatı inkişaf etdikcə əhalinin sosial ehtiyaclarının ödənilməsi də ildən-ilə yüksək templə artır.
Altı ay ərzində əhalinin pul gəlirləri 4,7 faiz artmış, bunun qarşısında ölkədə inflyasiya cəmi 1,6 faiz həddində olmuşdur.
Beləliklə, əhalinin gəliri real inflyasiyanı üç dəfə üstələyir.
Altı ay ərzində orta aylıq  əməkhaqqı artaraq 440 manat və ya 560 dollar təşkil edib.

2014-cü ilin birinci yarısı  rayonumuz üçün  də uğurlu olmuş, geniş tikinti – quruculuq, abadlıq işləri həyata keçirilmişdir. 6 ay ərzində bütün sahələrdə əsasən  müsbət nəticələr əldə olunmuşdur.
2014-cü  ilin  birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarının əsas iqtisadi göstəricilərinin  təhlili bunu deməyə əsas verir. Belə ki, hesabat dövründə    rayon üzrə  ümumi  məhsul  buraxılışının həcmi 41,3 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ilin müvafiq dövründəkindən    (37,2 mln.manat)  11,1  faiz  çoxdur.
Cari  ilin 6 ayında  ötən  ilin  müvafiq  dövri  ilə  müqayisədə  kənd  təsərrüfatı  məhsullarının həcmi  9,6  faiz  artaraq  21,8 milyon  manat,
tikinti 2,7 dəfə artaraq  2,7 milyon manat, 
ticarət dövriyyəsi 4,2 faiz artaraq 13,0 milyon manat təşkil etmişdir. 
Hesabat dövründə pərakəndə  əmtəə  dövriyyəsi  5,2 faiz,
əhalinin  gəlirləri  17,0  faiz,
orta aylıq əmək haqqı 8,0 faiz,
əsas kapitala yönəldilən investisiya 2,7 dəfə artmışdır.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 18 saylı Fərmanı  ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu sənəddə növbəti beş ildə ölkəmizdə, o cümlədən rayonumuzda çox böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Cənab prezident tərəfindən  kənd yollarının tikintisinə xüsusi diqqət verilir. Bu rayonumuzun timsalında da aydın görünür. Gəncə-Sərkar-Qarayeri-Qədli yolunun tikintisinin ardınca Azərbaycan Respublikası Prezidentinin 09 iyun 2014-cü il tarixli  Sərəncamı ilə 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3,0 milyon manat vəsaitin ayrılması bunun əyani sübutudur. Bu yolun tikintisi rayonda ictimai nəqliyyat şəbəkəsinin genişlənməsinə və nəticədə insanların rahatlığına xidmət edəcəkdir.
Hesabat dövründə rayonda məktəbəqədər təhsil müəssisələrinə olan tələbat nəzərə alınaraq  Samux şəhərində hər biri 100 yerlik (1300 kv.m.) iki uşaq bağçasının tikintisi üçün layihə - smeta sənədləri hazırlanmış və  tikintisinə başlanmışdır.
Rayon gənclərinin asudə vaxtının səmərəli təşkili məqsədi ilə Heydər Əliyev parkının sağ tərəfində tennis kortunun  tikintisinə başlanmışdır.
Birinci yarımildə  rayonda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon İdarəsinin  inzibati - laboratoriya  binasının tikintisinə başlanmış, hazırda tikinti işləri davam etdirilir.
Eyni zamanda rayon Telekommunikasiya Qovşağının inzibati və köməkçi binalarının tikintisində işlər daha da sürətlənmişdir.
Cari ilin birinci yarısında  rayon mərkəzinin Heydər Əliyev prospektində əsaslı təmir-bərpa işləri aparılmışdır.
Cari ildə  Sarıqamış kəndi ərazisində 2500 başlıq iri biynuzlu malqara üçün nəzərdə tutulmuş “Boz dağ” heyvandarlıq kompleksinin tikintisi davam etdirilmişdir. Hazırda kompleksdə 269 baş iribuynuzlu cins mal saxlanılır.
Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə Dövlət  Agentliyi  tərəfindən  inşa etdirilən    “Aqroenerji” kompleksinin  tikintisində işlər sürətləndirilmişdir. Kompleksdə inzibati binanın tikintisi başa çatmışdır, hazırda binaya üzük vurulur. Eyni zamanda alternativ enerji istehsalı üçün 4200 ədəd  panel quraşdırılmışdır. Burada 2 meqa.vatt  gücündə günəş enerjisi istehsal olunacaqdır.
Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 516  yeni iş yeri yaradılmışdır ki, onlardan da 441-i daimi iş yerləridir.
2014-cü  ilin 6 ayının yekunları göstərir ki,  Nazirlər  Kabinetinin  2014-cü  ilin 1-ci yarısının  sosial-iqtisadi  inkişafının  yekunlarına    həsr  olunmuş  iclasında  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  proqram  xarakterli nitqlərində  qarşıya  qoyduğu vəzifələrin və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan işlərin tam yerinə yetirilməsinə nail olmaq üçün bütün imkanlarımız vardır. 
Hesabatda qeyd edilən tikinti quruculuq işləri qısa müddətdə başa çatdırılacaqdır. Bununla bərabər yaxın vaxtlarda ümumi uzunluğu 32,5 km olan Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər  avtomobil yolunun və Gəncə cayı üzərində körpünün tikintisinə başlanacaqdır. Şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdəndir və burada da artıq işlərə başlanılmışdır.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və  əhalinin məşğulluğunun tam təmin olunması üçün    yeni  istehsal  və  emal  müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir. Bu sahədə də tədbirlər görülür. İnanıram ki, sizinlə birgə qarşıya qoyduğumuz bütün vəzifələrin həyata keçirilməsini təmin edəcəyik.

Keçidlər