Samux rayonunda şəhid ailələri ziyarət edilmişdir
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə YAP Samux rayon təşkilatında silsilə tədbirlər keçirilir.
25 fevral 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının nümayəndələri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Lək kəndində Həmzəyev Arif Muradcan oğlunun və Füzui kəndində Maşıyev Asəf Valod oğlunun ailə üzvlərini ziyarət ediblər. Görüşdə iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Görüşdə şəhidimizin əziz xatirəsi yad edilib, barələrində xoş təəsüratlar danışılıb. Qeyd olunub ki, bu gün dövlətimiz vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır və bu cəmiyyətimiz tərəfindən məmnunluq hissi ilə qarşılanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür.
Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
Keçirilən görüşdə şəhid ailəsinə ərzaq bağlaması təqdim edilib.