Samux sakinlərinin nəzərinə
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Samux rayonunda 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesinin fevralın 8-dən başlayaraq digər əhali qrupları arasında davam etdirilməsi nəzərdə tutulmuşdur. Peyvənd olunmaq istəyən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan şəxslərin fevral ayının 8-dən başlayaraq öncədən randevu (onlayn növbənin götürülməsi) alması vacibdir.
Randevu götürülməsi məqsədi ilə ilk öncə hər hansı bir internet brauzerindən yeni səhifə açıb İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış randevu.its.gov.az ünvanına daxil olmaq, açılan pəncərədən “COVİD-19 randevu” seçimini klikləmək lazımdır. Açılan səhifədən vətəndaş şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və FİN məlumatını daxil edib “Yoxla” düyməsini klik etməli və “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim etməlidir.
Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Daha sonra CAPTCHA xanası qeyd edilir və “Təsdiq et” düyməsi sıxılır. Təsdiq düyməsi sıxıldıqdan sonra seçilən vaxt və məntəqə haqqında məlumat ekranda bildiriş formasında əks olunur, həmçinin qeyd edilən mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.
Əlavə məlumat almaq istəyən sakinlər yaşadıqları ərazinin İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliklərinə müraciət edə bilərlər.
İnsanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən vaksinləşmə tədbirində sakinlərimizi həmrəylik nümayiş etdirməyə çağırırıq.
/storage/files/files/Randevu%20telimat.pdf