1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibət ilə Samux rayonunda geniş tədbirlər keçirildi
Samux rayonunda uşaqların bayramı şəhər 1 saylı uşaq bağçası üçün ayrılmış yeni binanın yenidənqurmadan sonra açılış mərasimi ilə başlandı. Samux şəhər 1 saylı uşaq bağçasının müdiri Ağca Atai mərasimi açaraq, ölkə başçısının və Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili Mehriban Əliyevanın məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri geniş işlərdən danışdı və göstərilən qayğıya görə kollektivləri adından onlara öz minnətdarlıqlarını bildirdi. Bağça müdiri bu binanın yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilməsini rayon rəhbərliyinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqlara ən gözəl hədiyyəsi kimi qiymətləndirdi.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev qeyd etdi ki, 1 iyun bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyildir, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Çıxış edən valideynlər göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə və onun xanımına minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra cənab başçı açılışın rəmzi qırmızı lentini kəsdi və uşaq bağçası ilə tanışlıq oldu. 40 yerlik tərbiyə ocağı 2 qrupdan ibarət olacaq. Bağçanın bütün otaqları müasir avadanlıqlarla - bərk və yumşaq inventarla, uşaq oyuncaqları ilə təchiz olunub. Bağçanın musiqi qrupunda xüsusi istedada malik olan uşaqlar üçün gözəl imkanlar yaradılıb. Tərbiyə ocağının yeməkxanası da müasir tələblərə tam cavab verir.
***
Həmin gün 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər çərçivəsində rayonun Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında uşaq əyləncə mərkəzinin təməl qoyma mərasimi keçirildi. Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev mərasimdə çıxış edərək uşaqlara göstərilən qayğını sabahımıza olan qayğı kimi dəyərləndirdi və qeyd etdi ki, bundan sonra da dövlətimizin uşaqların sosial müdafiəsi istiqamətdə həyata keçirdiyi tədbirləri rayonumuzda da uğurla icra edəcəyik.
Əyləncə mərkəzinin qısa müddət ərzində istifadəyə verilməsi planlaşdırılır.
***
Bayram tədbirləri Samux rayon İcra Hakimiyyətinin aztəminatlı və imtiyazlı ailələrin uşaqları üçün rayonun “Şahzadə” şadlıq sarayında təşkil etdiyi ziyafətlə davam etdirildi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev körpələri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Ulu öndər Heydər Əliyevin uşaqlara sonsuz diqqət və qayğısından bəhs edən cənab Alı Qocayev bildirdi ki, bu gün onun varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da uşaq və gənclər siyasətini fəaliyyətlərinin prioriteti hesab edirlər. Bu istiqamətdə son illər görülən möhtəşəm işlər də bundan xəbər verir.
Başçı rayonda uşaqların istirahəti, asudə vaxtlarının səmərəli təşkili və sağlam böyümələri üçün görülən işlərdən də ətraflı danışdı və qeyd etdi ki, bu işlər bundan sonra da davam etdiriləcək.
Tədbirdə 100-dən çox gül balalar xoş anlar yaşadı. Onlara rayon rəhbərliyi tərəfindən hədiyyələr təqdim olundu. Tədbir musiqi proqramı ilə müşaiyət olunurdu .