Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqların rifahına xidmət edən beynəlxalq əməkdaşlıq

28 yanvar 2021 | 00:00

Bununla da Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qalmış, iki dost və qardaş ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsi istiqamətində yeni imkanlar yaranmışdır.
Regional sabitliyin, təhlükəsizliyin təminatçısı olan  «Dostluq» yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun” imzalanması tarixi hadisədir. «Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan ilk dəfə  sənaye üsulu ilə neft çıxarılan ölkə olmaqla, hazırda Avropa dövlətlərinin etibarlı enerji təminatçısıdır.
Müstəqilliyimizin ilk illərində  sahilyanı ölkələr arasında Xəzərin dibinin, təbii ehtiyatlarının bölüşdürülməsi ilə bağlı yaranan fikir müxtəlifliyinin həllində də aparıcı rola malik Azərbaycan bölgədə sülhün, sabitliyin  qorunması üçün faydalı təşəbbüsləri ilə diqqəti cəlb edir. Azərbaycan hər zaman Xəzər dənizi üzrə danışıqlarda dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması naminə  səylər göstərmiş və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən olmuşdur. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət etmişdir.
Yanvarın 21-də «Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində «Dostluq»” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında» Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüşdə qeyd olunduğu kimi  yatağın karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi  həmrəylik, qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslanır. Tarixi hadisə olan və iki dost ölkə arasında imzalanan Memorandumda qeyd olunduğu kimi yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq.  Yəni, neft və qaz ixracatçısı olan Azərbaycan həm də tranzit ölkə olacaq,  energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələsi formalaşacaq.  Memorandumun imzalanması Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsi,  beynəlxalq və regional  əməkdaşlıq, etimad mühitinin yaradılması  baxımından da  əhəmiyyətlidir.
Yatağın işlənməsi ilə Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə, xarici investorların  layihələrə cəlbinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaranacaq.
Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir.  Bu dostluq  Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfədir. İmzalanan Anlaşma Memorandumunu tarixi sənəd adlandıran Prezident İlham Əliyev bildirdi ki,  bu əməkdaşlıq  Azərbaycan və Türkmənistan  dövlət başçılarının son 3 ildə  qarşılıqlı olaraq baş tutan  5 rəsmi səfərinin məntiqi nəticəsidir. «Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyətinin şaxələndirilməsinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına yönəlib.  Ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoqların nəticəsi olan  Türkmənistan-Azərbaycan əməkdaşlığının  böyük potensial imkanlardan istifadə etməklə  gücləndirilməsi yeni ideyaların və təşəbbüslərin  icrasını stimullaşdırır, strateji istiqamət olan  enerji  tərəfdaşlığında  yeni mərhələnin təməli qoyulur. Bunun üçün zəruri olan  siyasi iradə,  texnoloji təchizatın təminatının yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi artıq mövcuddur.  Xəzəryanı ölkələrin əməkdaşlığının dinamik, qarşılıqlı anlaşma və  dəstək ruhunda inkişaf etdiyini, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın  imzalandığını xatırladan Prezident İlham Əliyevin  vurğuladğı kimi  Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən, inamla irəliləyən, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsindəki   mühüm məsələləri uğurla  həll edən, investisiyalar üçün açıq ölkələrdir. 
2021-ci ildə  Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması sahilyanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinə layiqli töhfədir.

Keçidlər