Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında “20 Yanvar- Azadlığa gedən yolun zirvəsi” mövzusunda videoformatda anım tədbiri keçirildi.

20 yanvar 2021 | 16:00

YAP Samux rayon təşkilatında 20 Yanvar hadisələri ilə əlaqədar videoformatda anım tədbiri keçirildi və azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla xatırlandı. İlk öncə tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirdi ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşid Şabanov Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsindən də söz açaraq, o zaman yalnız Ümummilli Lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etməsini ətraflı şərh etdi.
Sonra YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova çıxış edərək vurğuladı ki, 1993-cü ilin ikinci yarısında Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Daha sonra tədbirdə çıxış edən Şura üzvləri - Şəmistan Yusifov, Mahirə Məmmədova və fəal partiya üzvü Dilarə Əsgərova da qeyd etdilər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi, azadlığa gedən yolun zirvəsi kimi yazılmışdır.

Keçidlər