Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik.
Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbiidir. Ancaq, eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm. Sumqayıta gəlməyim onu bir daha göstərir.
Axar.az xəbər verir ki, bunu yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulması və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışından sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
"Müharibə başa çatdı, müzəffər Ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Ancaq digər ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq, Azərbaycan xalqı əmin ola bilər. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, daha güclü Azərbaycan quracağıq", - Prezident bildirib.