İşğaldan azad olunan torpaqlarımızda yeni inkişaf modeli qurulacaq.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsini şərh edərkən deyib.
O bildirib ki, Prezidentin hədəfi işğaldan azad edilən torpaqlarda yeni bir inkişaf modeli qurmaqdır:
“Göründüyü kimi, işğaldan azad olunan torpaqlarımızda yaradılacaq inkişaf modeli həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşması, həm də iqtisadi menecmentin müasir çağırışlara uyğun qurulmasını özündə ehtiva edəcək. Artıq müasir standartlara uyğun beynəlxalq hava limanı, yollar və bir sıra digər infrastrukturun formalaşması istiqamətində işlər başlayıb. Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımdan da yeni modelin formalaşması anlamına gəlir. Bu model isə cənab Prezidentin qeyd etdiyi kimi, növbəti mərhələdə digər ərazilərimizə transfer ediləcək”.
Millət vəkilinin sözlərinə görə, iqtisadi potensial baxımdan 2019-cu ildə Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib:
“Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmli deyil və 27 ildən çox davam edən erməni işğalı nəticəsində böyük iqtisadi potensialdan faydalanmaq mümkün olmayıb. Yeni model formalaşandan sonra isə işğaldan azad olunan ərazilərimiz ölkədə iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcək”.