Şriftin ölçüsü :

Saytın rəngi :

Doğma Şuşamız tezliklə regionun ən gözəl məkanlarından birinə çevriləcək.

19 yanvar 2021 | 16:00

Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə start vermək oldu. Qısa zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə 3 dəfə səfər etməsi özü-özlüyündə deyilənlərin sübutudur. Ayın 14-də Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşa şəhərinə səfəri xüsusi özəlliyi ilə seçilir. Bu səfər ərazilərimizin bərpası işinin müqəddiməsi və ya yol xəritəsi də hesab edilə bilər. Belə ki, Prezident İlham Əliyevin yolboyu, eləcə də Şuşa şəhərində olarkən səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir. Dövlətimizin başçısı səfər zamanı çıxışlarında tarixi faktları səsləndirməklə bərabər, yaxın gələcəkdə görüləcək işlər haqqında da ilkin məlumatlar verdi. Şuşaya səfərin başlanğıcında Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində beynəlxalq hava limanının təməlinin qoyulması artıq böyük quruculuq işlərinə başlanılması kimi qiymətləndirilməlidir. Füzuli-Şuşa avtomobil yolu müasir standartlara cavab verən dördzolaqlı, bəzi hissələrdə isə altızolaqlı olmaqla bölgənin nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasında strateji əhəmiyyət daşıyacaq. Prezident İlham Əliyevin 39 il sonra eyni gündə Şuşaya səfəri və tarixi fotoları nümayiş etdirməsi, eyni zamanda, Şuşa şəhərindən olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin büstlərinin doğma şəhərlərinə qaytarılması dövlətimizin başçısının tarixi və milli-mənəvi dəyərlərimizə necə həssaslıqla yanaşmasından xəbər verir. Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Vaxtilə işğal altında olan torpaqlarda yaşayan tarixi şəxsiyyətlərin abidələri düşmən gülləsi ilə dəlik-dəlik edilmişdi. Bu abidələr Bakıya gətirilərək xarici qonaqlara nümayiş etdirilirdi ki, onlar erməni vandalizmini görsünlər. Bu gün isə həmin abidələr bərpa olunaraq məxsus olduğu Şuşaya qaytarılıb. Bunlar dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələridir. Vaxtilə ümummilli lider Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyirdi. Bu gün dövlətimizin başçısı bu müqəddəs torpağa ayaq basmaqla Ulu Öndərimizin ruhunu şad etdi. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu, çox önəmli bir mesaj idi və bu gün biz buna nail olmuşuq. Cənab Prezident Şuşanın yenidən təkcə Azərbaycanın deyil, eyni zamanda Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya verdi. Artıq Şuşanın bərpası prosesinə başlanılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız tezliklə öz əvvəlki şöhrətini qaytaracaq, regionun, eləcə də dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Yenə İsa bulağı, Cıdır düzü, Qırxqız yaylağı öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs vahid amal uğrunda “dəmir yumruq” kimi birləşdi. Möhtərəm Prezidentimiz İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu gün xalqımız işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən milli qürur mənbəyimiz olan gözəl Şuşamızda yeni dövrün-quruculuq və bərpa işlərinin sevincini yaşayır. Bundan sonra da biz xalq olaraq qalib dövlətin təmsilçisi kimi heç kimdən çəkinməyən, daim milli maraqları müdafiə edən müzəffər Liderin ətrafında daha da sıx birləşəcəyik.

Keçidlər