Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi

14 yanvar 2021 | 16:00

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.
Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Rusiya tərəfi üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib. Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanıb.
Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər.
İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.
Prezidentin görüşdən sonra verdiyi bəyanatda səsləndirdiyi əsas müddəlar bunlardır: kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir; beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək; Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.
Azərbaycan  tərəfi  qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.
Xüsusi qeyd etmək gərəkdir ki,  Ermənistan  müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı.Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi.
Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılmış, görüşün Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi.
Paşinyanın iddiaları fonunda  Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar. O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib.
İkinci Qarabağ müharibəsinədək 30 il ərzində aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib-Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur.
Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj da diqqət çəkdi. Paşinyan da Minsk qrupu formatının bərpasına çalışır, Azərbaycan müxalifəti də. Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılşamasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi.
Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

Keçidlər