Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq münasibətlər müstəvisində mədəniyyət diplomatiyanın davamıdır

08 yanvar 2021 | 16:00

Azərbaycan dövləti hazırda dünyada gedən siyasi, iqtisadi, mədəni proseslərdə layiqincə təmsil olunur. Son illər milli mədəniyyətimizin dünyada təbliği istiqamətində aparılan siyasət ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanınmasında əhəmiyyətli rol oynayır. Hazırda beynəlxalq münasibətlərdə cərəyan edən proseslər sübut edir ki,hər bir dövlətin dünya birliyində rolu və yeri hərbi, iqtisadi, geosiyasi, diplomatik uğurları ilə yanaşı, mədəni resursları, dünya ictimaiyyətinə göstərə biləcəyi təsir imkanları ilə də müəyyən edilir. Həmin resurslar ənənəvi milli kimliyimizi, mədəni dəyərlərimizinözünəməxsusluğumuzu qorumaqla yanaşı, ümumdünya mədəni proseslərinə uğurlu inteqrasyia olunmaq üçün baza rolunu oynayır. Faktiki olaraq Azərbaycanı dünya birliyi tanıdıqca tamamilə fərqli yöndən dəyərimiz daha da artır. Belə ki, Şərq tarixində ilk dramaturji əsərlərinyazılması, ilk opera əsərinin meydana gəlməsi, ilk peşəkar teatrın yaradılması, ilk dövlət rəsm qalerayasının açılması, ilk müasir standartlara cavab verən universitetin açılması və digər amillər Azərbaycanın böyük bir dəyəridir.
           Beynəlxalq mədəni əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətində inkişaf dinamikası artmaqdadır. İkitərəfli mədəni əlaqələrin davam etdirilməsində bir çox ölkələrlə – Rusiya, Çin, Böyük Britaniya, Polşa, Türkiyə, Rumıniya, Yunanıstan, Bolqarıstan, İtaliya, eyni zamanda, postsovet məkanını təmsil edən respublikalardan Özbəkistan, Gürcüstan, Belarus, Moldova, Qazaxıstan, Qırğızstan, Ukrayna ilə mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişlər bağlanmışdır. Bu əməkdaşlığın əsas prioritetlərinə incəsənətin musiqi, təsviri sənət, memarlıq sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması daxildir.
           Ölkəmiz hazırda beynəlxalq mədəni proseslərin           fəal subyekti olaraq dünyada uğurla gerçəkləşdirilən bir çox mədəni proqram və layihələrin nəinki fəal iştirakçısı, həm də onların təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Dünya mədəni proseslərinə fəal qoşulmaqla Azərbaycan həm özünün milli mədəniyyətini mütərəqqi, ümumbəşəri ideya və dəyərlərlə zənginləşdirir, həm də dünya mədəniyyətinin inkişafına öz layiqli töhfələrini verir.
                Mədəniyyət sahəsində əsas prioriteti maddi və qeyri-maddi irsin qorunması təşkil edir. Bu,ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələdir. Dövlətimiz tarixi baxımdan maddi və mənəvi mədəni  mirasımızın nümunələrinin qorunması, onların dünyada öz adı və ünvanı ilə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparır. Məhz bu uğurlu siyasətin nəticəsində Azərbaycanın bir sıra maddi-mənəvi sərvəti artıq UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

 

İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi
Məsimzadə Səmra

Keçidlər