Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.
Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.
İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi
Məsimzadə Səmra