Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 28 may-Respublika gününə həsr olunmuş elmi-praktik konfrans keçirilimişdir.

28 may 2014 | 15:00

27 may 2014-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96 il dönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda Rayon İcra Hakimiyyəti başçısı aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri iştirak edirdi.
Elmi-praktik konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Respublika günü münasibəti ilə tədbir iştirakçılarını və bütün samuxluları təbrik edərək, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu qeyd etdi. Cənab başçı bildirdi ki, şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
Natiq daha sonra qeyd etdi ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Daha sonar konfransda çıxış edən Samux Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri- müavini Kəmalə Xəlilova, Samux şəhər 2 saylı məktəbin müəllimi Günay Quliyeva və Samux Gənclər və Turizm idarəsinin rəisi Rəşad Qarayev qeyd etdilər ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Natiqlər hər biri öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməyi, ideyalarını təbliğ etməyi xüsusi vurğuladılar.
Konfransın sonunda Umummilli Lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş “Əl işləri” müsabiqəsinin qalibi olmuş təhsil müəssisələrinin rəhbərlərinə Fəxri fərman və hədiyyələr təqdim edildi.

Keçidlər