Odla suyun dostlaşdığı məkan: Samuxun Hacıalılı kəndi
Təbiətin Odlar Yurduna bəxş etdiyi sərvətlərin möcüzəvi xüsusiyyətləri bütün dövrlərdə insanları heyrətləndirib, bu diyarın qonağı olan hər kəsdə böyük maraq yaradıb. Hələ 1859-cu ildə Qafqaza səfəri zamanı Bakıda olan fransız yazıçısı və səyyahı Aleksandr Dümanı əvvəlcə Suraxanıdakı atəşgahda yerin təkindən çıxan alov, sonra isə Xəzərdə gəmi ilə səyahət zamanı dənizin üzərində gördüyü irili-xırdalı yanar adacıqlar, küləyin müşayiəti ilə bu adalardan səmaya yüksələn alov dilləri, bir sözlə, odun su üzərindəki möcüzəvi rəqsindən yaranan bu sirli-sehrli səhnə onu çox heyrətləndirmişdir.
Azərbaycanda belə təbiət möcüzələrindən biri də Samuxun Hacıalılı kəndindədir. İlboyu 5 yerdən qaynayan yanar su, yolu buradan keçən hər kəsdə böyük maraq və heyrət doğurur.
AZƏRTAC-ın bölgə müxbiri Samuxun Hacıalılı kəndində olub, buradan qaynayan termal suların xüsusiyyəti və tarixi haqqında maraqlanıb.
Hacıalılı kəndi ilə yanaşı, Samuxun daha bir neçə kəndində də bu cür yanar suların olduğunu deyən kənd icra nümayəndəsi Sabit Verdiyev bildirib ki, ilk dəfə Böyük Vətən müharibəsindən əvvəl kənd ərazisində neft axtarışı məqsədilə 5 yerdə geoloji kəşfiyyat quyuları qazılıb. Təxminən 1800 metr dərinliyədək qazılmış quyulardan gözlənildiyinin əksinə olaraq neft deyil, termal sular qaynamağa başlayıb. Daha çox qaz və kükürd tərkibli olan bu sular ilin bütün fəslində sabit temperaturda - təxminən 30-35 dərəcə istilikdə yerin səthinə çıxır. Üzərində alov şölələnən bu sular xüsusən də gecələr ətrafında heyrətamiz bir mənzərə yaradır. Neftli-qazlı və duzlu dada malik bu sulardan yerli sakinlər bu gün bir çox xəstəliklərin müalicəsində istifadə edirlər.
Sabit Verdiyev qeyd edir ki, yaxın keçmişdə yanar suların tərkibini, müalicəvi xüsusiyyətlərini və iqtisadi səmərəliliyini öyrənmək üçün mütəxəssislər tərəfindən müəyyən araşdırmalar da aparılıb. Məlum olub ki, termal suların qaynadığı mənbədə temperatur 84 dərəcəyədək artır və şəfaverici xüsusiyyətlərə malikdir. Yanar su mənbələrini yerin səthinə təxminən 55-60 dərəcəyədək istilikdə çıxarmaq və ətrafında sanatoriyaların yaradılması kimi faydalı təşəbbüslər də irəli sürülüb. Lakin daha aşağı qatlarda quyuların kalonunda yaranmış çürümə səbəbindən yanar suya digər sular da qarışdığından irəli sürülmüş bu təşəbbüslər hələlik reallaşmamış qalıb.
Hacıalılı kənd tibb məntəqəsinin müdiri Təranə Əliyeva isə suların müalicəvi xüsusiyyətlərindən danışarkən bildirib ki, müalicəvi tərkibə malik yanar sudan azyaşlı uşaqlar diatez olduqda, yaxud dərilərində yaranan səpkilər zamanı istifadə edilir. Uşaqlar bu su ilə bir neçə dəfə çimizdirildikdə daha effektli nəticə almaq mümkündür. Yerli sakinlər, eləcə də suyun şəfaverici xüsusiyyətinə inananlar daha çox həzm proseslərini yaxşılaşdırmaq, mədə-bağırsaq problemlərinin həlli üçün bu sudan içirlər.
Bununla belə Təranə Vəliyeva deyir ki, suyun tərkibini bilmədən ondan gündəlik olaraq istifadə etmək doğru deyil.
Samux, 20 avqust, Rauf Hacıyev, AZƏRTAC