Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu ilin sonunadək görüləcək işlər iqtisadi canlanmanı təmin etməli, itkiləri azaltmalıdır

09 avqust 2020 | 16:00

Bizim iqtisadiyyatımız altı ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada, eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də rol oynayıb. Eyni zamanda, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik. İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır.
İMZAİNFO xəbər verir ki, Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə iqtisadi sahədə yaranmış vəziyyəti təhlil edib və qarşıdakı vəzifələrdən danışıb.
Dövlətimizin başçısı deyib ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır: “Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir”.
İtkilərlə bağlı narahatlığını ifadə edən dövlətimizin başçısı bildirib ki, bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da bir qədər yaxşıdır. “Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz”, - deyə Prezident vurğulayıb.

Keçidlər