Azərbaycan Ordusu düşmənin istənilən təxribatına cavab vermək iqtidarındadır
“Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ona görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir”. Bu fikirləri iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı çıxışı zamanı bildirib. Dövlət başçısı bildirib ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.
Cənab Prezident nitqində vurğulayıb ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz: "O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüşdü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabırcasına qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir".
Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması nəticəsində Azərbaycanın 20 faiz torpaqlarını işğal etmişdir. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan bilərəkdən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, xüsusilə, qadın və uşaqları hədəfə alıb. Hərbi təcavüz nəticəsində, insan hüquqları kobudcasına pozulub. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edir. Qaniçən ermənilər yaşlılara, qadınlara və uşaqlara zərrə qədər belə mərhəmət etmədən, əsl faşist simaların ortaya qoymuş oldular. Ölkəmiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərsə də buna nail ola bilmədi. 26 il atəşkəs rejimində yaşasaq da, bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub.
İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayıb, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar.
“Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi”
Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmazdır. İndi bizim düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz var, beynəlxalq miqyasda Azərbaycanın haqq mövqeyi dəstəklənir və ən əsası da, insanlarda düşmənə qarşı mübaribəyə hazır olan yekdil əhval-ruhiyyənin olması, onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən tezliklə azad ediləcək. "Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi" deyən Prezident İlham Əliyev bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacağının diqqətə çəkib: “Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı”.
“Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib”
Əlbəttə ki, məlum aprel döyüşləri - Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi tarixi hadisəyə çevrildi. Bu, Azərbaycanın konstruktiv mövqeyi idi, haqq-ədalətin bərpası idi. 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması çirkin siyasətin daha bir nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktıdır. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyi, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsi sübut edildi. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşışında ermənilərin təcavüzkar siyasəti bir daha ifşa edildi.
26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı. Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirildi, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürüldü. Bu gün də ermənilərin əməlləri ikrah doğurur. “Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib” deyən dövlət başçısı bildirib ki, Xocalı soyqırımını törədənlər Ermənistanın siyasi rəhbərliyidir, keçmiş hakimiyyətidir, keçmiş iki prezidentidir hərbi cinayətkarlar: «Xocalı soyqırımı zamanı bu cəlladlar tərəfindən 106 qadın, 63 uşaq öldürüldü. Əziz Əzizov da həmin erməni faşistlərin əməlləri nəticəsində həlak olmuşdur. Bildirməliyəm ki, ağsaqqal Əziz Əzizovun da qanı yerdə qalmayıb, qarşı tərəfə adekvat cavab verilib və veriləcəkdir və heç kimdə bu haqda şübhə olmasın”.
Əlbəttə ki, bu gün Azərbaycanın güclü ordusu var. Öz torpaqlarının işğaldan azad etməyə qadir olan ordu müasir texnikalara yiyələnib. Azərbaycanın tutduğu yol haqq yoludur və onu bu yoldan kimsə döndərə bilməz. “Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir" deyən Cənab Prezident qeyd edib ki, Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir: "Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.