Şriftin ölçüsü :

Saytın rəngi :

BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü- böyük tarixi əhəmiyyət kəsb edir

15 iyul 2020 | 16:00

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsü bu beynəlxalq təşkilatın üzvləri tərəfindən geniş dəstəklənib. BMT Baş Assambleyasının xüsusi sessiyası, adından da göründüyü kimi o qədər də tez-tez keçirilməyən və müəyyən mənada qeyri-adi hadisədir. Təəccüblü deyil ki, geniş ictimaiyyət BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizəyə həsr edilmiş otuz birinci xüsusi sessiyasına böyük maraq göstərir.
Təbii ki, Beynəlxalq Millətlər Taşkilatı dünyanın ən böyük universal platforması sayılır. Azərbaycan bu beynəlxalq qurumun ən fəal və qabaqcıl üzvüdür.  BMT-nin dünya üzrə geniş monitorinq analizlərinin nəticəsi olan  “Davamlı inkişaf hesabatı-2020” sənədinə görə, Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilmiş və ölkəmiz 166 ölkə arasında  54-cü yerə layiq görülmüşdür.  Bu göstərici ilə Azərbaycan bölgədə bütün ölkələri üstələmiş və  faktiki olaraq regional lider statusuna yüksəlmişdir.  Ölkəmizin BMT-nin müəyyən etdiyi bir sıra fundamental istiqamətlər üzrə əldə etdiyi nəticələr  qururvericidir.
Azərbaycanın təşəbbüsünün çox geniş miqyasda dəstəklənməsinin özü böyük nüfuz faktıdır.  Həm də BMT-nin Azərbaycanı   “Davamlı inkişaf məqsədləri indeksi” üzrə regional lider səviyyəsinə yüksəltməsi hadisəsi ilə dövlətimizin başçısının qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi məqsədilə xüsusu sessiyasının çağırılması təşəbbüsü arasında sinxronluq diqqətdən yayınmır.  Deməli, Azərbaycan təkcə regionda deyil, bütövlükdə dünya miqyasında nümunəvi və örnəkverici dövlət kimi qəbul edilir.
Xəbər verildiyi kimi, iyulun 10-da xüsusi sessiya öz işinə başlayıb.  Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.  “Biz birlikdə güclüyük!”  çağırışının müəllifi olan Prezident Ilham ƏIliyevin  böyük humanizm göstərərək, bütün imkanlarımızı dünya xalqları ilə paylaşmağa hazır olduğunu bəyan etməsindən nümunə götürülməlidir.
BMT özünün 75 illik tarixində Baş Assambleyanın 30 xüsusi sessiyasını keçirib, onların hər biri Baş Assambleyanın ən geniş əhatəli məsələlər nəzərdən keçirilən müntəzəm sessiyalarından fərqli olaraq ayrıca bir məsələyə həsr edilib. Əksər hallarda BMT Baş Assambleyasının xüsusi sessiyaları Baş Assambleyanın özünün təşəbbüsü ilə keçirilib və yalnız üç halda onlar ayrıca bir dövlətin və ya dövlətlər qrupunun təşəbbüsü ilə çağırılıb. Məsələn, ilk dəfə 1947-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təşəbbüsü ilə Fələstin məsələsinə dair, sonra 1961-ci ildə Tunisdə vəziyyətlə əlaqədar bir qrup dövlətin təşəbbüsü ilə, sonuncu dəfə isə 46 il bundan əvvəl Əlcəzair yeni iqtisadi qaydaya həsr edilmiş xüsusi sessiya keçirilməsini təklif edib. Bu baxımdan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının dünyada COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsü tarixi əhəmiyyətə malikdir. XXI əsrdə bütün bəşəriyyətin maraqlarının müdafiəsinə yönəlmiş birinci xüsusi sessiya planetimiz üçün bu çətin vaxtda dünya birliyinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.
BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ məlum deyil.  Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər.  Bu halda sual olunur ki, bəs dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?  Axı, ölkələrin və millətlərin  BMT-dən böyük gözləntiləri var.  Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat  nəyə görə məşğul olmasın?  Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir? Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğulluq adı ilə müvafiq açıqlamalar verir.  Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur.  Bəs, siyasi, iqtisadi, sosial və digər aspektlər necə olsun?  Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda o susur.  Məgər BMT-də n böyük hansısa bir təşkilatmı var?  Bu mənada hazırda BMT-yə inam və təşkilatın etibarlılığı ciddi sınaq qarşısındadır. Göründüyü kimi,  İlham Əliyevin təşəbbüsü BMT üçün bu cəhətdən xüsusilə önəmli sayılmalıdır.
Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün sözügedən sessiyanın keçirilməsi artıq təkcə QH ölkələrinin deyil,  BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
Əlbəttə, BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi təşkilati bir yenilikdir.  Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil.  Qaydaların önəmli olması aydındır, lakin BMT də öz fəaliyyətində cari reallıqdan çıxış etməli, şəraitə uyğunlaşmalı və təşəbbüsə çevik reaksiya verməlidir.  Çünki hazırda bəşəriyyət 2-ci Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üz-üzə qalmışdır.  Buna görə də, gərək BMT özünün prosedur qaydalarının girovuna çevrilməyib, ümumbəşəri problemin həllində ciddi səylər göstərsin.  Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir.
Onu da vurğulayaq ki, artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib.  Yəni texniki imkanlar yetərincədir, sadəcə siyasi istək və iradə olmalıdır. İndiki anda bütün dövlətlərdən çeviklik,kompromis ruhunda əməkdaşlıq tələb olunur.  Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurası üzvlərinin üzərinə düşür.
Xatırlatmaq yerinə düşər ki, pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin onlayn keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri uğurla keçmişdir.  Məhz bizim dövlətimizin rəhbəri pandemiyanın yaratdığı maneələrə cavab olaraq beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı sayılır.
Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, mühüm beynəlxalq tədbirin  sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa, eləcə də BMT-yə texniki sahədə hər cür dəstək verməyə hazırdır.
Biz pandemiya ilə mübarizədə digər əməli fəaliyyətimizlə də nümunəvi ölkəyik. Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etmiş, 30-dan çox dövlətə  humanitar yardım göstərmişdir. Bəli, dünyada həyəcan təbilini məhz Azərbaycan Respublikasının Prezidentinin çaldı, nüfuzlu beynəlxalq təşkilatların zirvə görüşlərinin və BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi  təşəbbüsünü irəli sürdü və buna nail oldu. Bu, dövlət başçımızın, eləcə də xalqımızın  humanist dəyərlərə verdiyi yüksək qiymətin göstəricisidir.
Ümidvarıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü sayəsində, nəhayət ki, BMT dövlət başçıları səviyyəsində pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək və bəşəriyyəti koronavirus pandemiyasıdan xilas edə biləcək önəmli qərarlar verəcək.

Kəmalə Xəlilova

Keçidlər