23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür
5Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ümummilli liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmış, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz ifadəsidir.
Dövlət orqanlarına metodiki köməklik də göstərilir və dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Hər il məhkəmə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydalarına riayət olunması, kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları və digər mövzularda keçirilən seminarlarda yüzlərlə inzibati vəzifə tutan dövlət qulluqçusu iştirak edir. “Səyyari dövlət qulluğu xidməti könüllülüyü” layihəsi çərçivəsində rayonlarda yaşayan, internet və informasiya kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə səyyari xidmət göstərilir. Gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə intellektual oyunlar keçirilir.
Yuxarıda qeyd olunanlar, habelə keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və vətəndaşların, xüsusilə gənclərin dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara marağı artır. Respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də öz intibah dövrünü yaşayır. Bütün uğurların təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.
Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, respublikamızın inkişafı və tərəqqisinə öz töhfəsini verməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.