Samux rayonunda Gül bayramı
10 may 2012-ci il tarixində Samux şəhərində Ulu öndərin adını daşıyan mərkəzi istirahət parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibəti ilə “Gül bayramı” keçirilmişdir. “Heydər” parkı bayram münasibəti ilə Bakı şəhərindən dəvət edilmiş dizaynerlər tərəfindən təbii güllərlə bəzədilmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, ümumtəhsil məktəbləri və uşaq bağçaları tərəfindən təbii və dekorativ güllərdən Ulu öndərə həsr olunmuş kompozisiyalar və nadir gül nümunələri parkda xüsusi ayrılmış yerlərdə yerləşdirilmişdir.
Tədbir Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyması ilə başladı. Cənab başçı “Gül bayramı”nın keçirilməsinin əhəmiyyətini qeyd edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışdı. Natiq Heydər Əliyev irsinin dərindən öyrənilməsinin hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsi olduğunu xüsusi vurğuladı.
Cənab başçı yaradılmış komissiya ilə birlikdə tədbirdə nümayiş etdirilən kompozisiyalarla tanış oldu.
Daha sonra cənab Alı Qocayev və komissiya üzvləri ənənəvi olaraq “Gül Bayramı” ilə paralel keçirilən məktəblilərin yerüstü rəsm müsabiqəsində çəkilmiş şəkillərlə tanış oldular.
Komissiyanın qərarı ilə hər iki müsabiqənin qalibləri rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Tədbir incəsənət ustalarının və rayon uşaq musiqi məktəblərinin hazırladığı geniş konsert proqramı ilə davam etdirildi.