Samux Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirib
05 iyun 2020-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Operativ Qərargahın növbəti onlayn müşavirəsi keçirildi. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 03 iyun 2020-ci il tarixli məlumatı ilə əlaqədar təşkil olunan müşavirəyə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri də qoşulmuşdular.
Müşavirə zamanı rayon rəhbəri Alı Qocayev bildirib ki, COVID-19 virusunun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Belə ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılaraq qısaldılmış iş rejimi müəyyən edilib.
Müşavirənin sonunda rayon rəhbəri sakinləri sosial məsuliyyətdən irəli gələn həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, sağlamlıqlarını qorumağa çağırıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.