Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Kikboksinq Klubunun üzvləri Azərbaycan çempionatında 7 medal qazanıb

17 aprel 2014 | 15:00

Kikboksing və Muay-tay növü üzrə keçirilən Azərbaycan çempionatında Gəncə və Kəlbəcər idmançıları ilə yanaşı Samux Kikboksinq klubunun üzvləri də iştirak edib. Elnur Salamovun yetirmələri doğma rayona 7 medalla dönüblər.

Yarışa 15 idmançı ilə yollanan Samux Kikboksinq klubunun üzvləri hər iki döyüş növü üzrə yarışlarda güclərini sınayıblar. Kikboksinqçilərin birinciliyində 3, Muay-tay üzrə yarışda isə 4 medal qazanıblar.

Elnur Salamov- məşqçi: "İdmançılarımız hər iki döyüş növünə ciddi hazırlaşmışdılar. Hər iki növdə vuruşacağımızı bilirdik. İdmançılarımızın nəticələrindən razıyıq. Baxmayaraq ki, bundan da yaxşı nəticə qazana bilərdik. Yarışda 700-800 idmançı iştirak edirdi".

Kikboksing üzrə 48 kq çəki dərəcəsində yeniyetmələr arasında çıxış edən Səbuhi Mədətov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Səbuhi Mədətov- idmançı: "4 döyüş keçirdim. Ən çətin rəqibim isə finaldakı idi. Lakin qalib gələrək Azərbaycan birincisi oldum. Bizi yarışa hazırladığına görə müəllimimizə öz təşəkkürümü bildirirəm".

Mədətovdan fərqli olaraq 33 kq çəkidə uşaqlar arasında mübarizə aparan Həsən Əsgərov yalnız finalda uduzmaqla gümüş medalla kifayətlənib. 36 kq-da Nurlan Əliyev isə yarımfinalda mübarizəni dayandıraraq, bürünc medal qazanıb.

Muay-Tayda döyüşən idmançılardan baş mükafata gənclər arasında 67 kq çəki dərəcəsində vuruşan Elşən Əliyev layiq görülüb. 57 kq-da İsmayıl Qarabəyli və 51-kq-da Əsgər Əsgərov yarımfinal döyüşlərində məğlub olaraq gümüş medala yiyələniblər. Kişilərin çempionatında 71 kq çəkidə Elxan Əliyev isə ikinci yeri tutub.

Əsgər Əsgərov- idmançı: "Mənimlə eyni çəki dərəcəsində 8 idmançı mübarizə aparırdı. Onlardan 3-ü ilə qarşılaşdım və 2-sində qalib oldum. Yarımfinaldakı rəqibim güclü idi, lakin qalib gələ bilərdim. Sadəcə olaraq, öz səhvim ucbatından uduzdum. Qarşıda bizi çətin yarışlar gözləyir, İnşallah, Elnur müəllimin rəhbərliyi altında bu yarışlardan qalibiyyətlə ayrılarıq".

Samux idmançılarını qarşıdakı ayda daha çətin sınaq gözləyir. Klubun üzvləri mayda Yunanıstanda düzənlənəcək kikboksinq üzrə dünya birinciliyində çıxış edəcəklər.

Keçidlər