Samux rayonunda ərzaq təhlükəsizliyinin həlli yolları
Ərzaq təlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyin tərkib hissəsi olmaqla ölkədə sabitliyin təmin edilməsi , iqtisadi tədbirlərin həyata keçirilməsi və digər məsələlərin həlli üçün sosial iqtisadi imkanlar yaradır .Ərzaq təhlükəsizliyi iqtisadiyyatın elə bir vəziyyətidir ki, bu halda əhalinin fiziki və sosial inkişafı , sağlamlığının və artımının təmin edilməsi üçün keyfiyyətinə , çeşidinə və həcminə görə kifayət qədər olan ərzaq məhsulları , içməli su və digər məhsullar ilə təminatına zəmanət verilir . Ərzaq təhlükəsizliyinin təminatı iki əsas amilin – fiziki və iqtisadi imkanların mövcudluğu şəraitində mümkündür .Fiziki amil dedikdə hər bir insanın normal və sağlam həyat fəaliyytini təmin edən həcmdə , çeşiddə və keyfiyyətdə əsas ərzaq məhsullarının satışda davamlı olaraq mövcudluğu nəzərdə tutulur. İqtisadi imkan dedikdə bu məhsulları hər bir kəsin əldə etməsi üçün maddi imkanların mövcudluğu başa düşülür .
Fiziki imkanların mövcudluğu aqrar sahənin inkişafından asılı olmaqla iki yolla – daxili istehsal və idxal hesabına təmin edilir.
İqtisadi imkan etibarlı olmadığına görə yerli istehsalın artırılması bütün ölkələr üçün əsas vəzifə hesab olunur . Bunu nəzərə alaraq respublika rəhbərliyi əsas ərzaq məhsullarının maksimum səviyyədə yerli istehsal hesabına təmin edilməsini ölkəmizin aqrar iqtisadiyyatının prioritet istiqaməti olduğunu dəfələrlə vurğulamışdır.
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,dövlətin ərzaq təhlükəsizliyi o vaxt təmin edilir ki, ölkə ərazisinə xaricdən ərzaq məhsullarının daxil olması dayandıqda ərzaq böhranı baş verməsin və bazarda satılan kənd təsərrüfatı xammalının və ərzağın ümumi həcmdə yerli istehsalı taxıl 90%, kartof 95% , şəkər 80%, bitki yağı 80%, ət və ət məhsulları, süd və süd məhsulları 85-90%, balıq və balıq məhsulları üzrə isə 80%-dən az olmasın.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dünya ölkələrində proqramlar və ya doktrinalar həyata keçirilir. Bu məqsədlə 2001 və 2008- ci illərdə ölkəmizdə dövlət proqramları qəbul edilmişdir. 2008- ci ildə qəbul edilmiş proqramda qeyd olunur ki, əhalinin etibarlı ərzaq təminatının başlıca şərtlərindən makro-iqtisadi sabitliyə əsaslanan davamlı inkişafın təmin edilməsi və əhalinin gəlirlərinin fiziloji normalara əsaslanan tələbatının ödənilməsidir.
Ötən əsrin 90- cı illərinin ortalarında respublikanın hər yerində olduğu kimi Samux rayonunda da əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində böyük çətinliklər yaranmışdır. Buna Sovetlər İttifaqının süqutu ,yeni qurulan müstəqil Azərbaycan Respublikasının hələ formalaşmaması,dövlət quruculuq işləri, yeni iqtisadi formasiyaya keçid, o vaxtkı hakimiyyətin səriştəsizliyi, respublikanın ərazi bütövlüyü uğrunda gedən müharibə və s. kimi amillər öz təsirini göstərmişdir. Bu dövrlərdə rayonun insan həyatı üçün ən mühüm və əvəzsiz qida məhsulu olan çörəyə böyük ehtiyacı var idi və bu problem əhalinin böyük təhlükə altında qoya bilərdi .1993- cü ildə öndər Heydər Əliyev hakimiyyətə gəlişindən sonra respublikada ərzaq təhlükəsizliyinin aradan qaldırılması üçün poqram hazırlandı . Dərhal xarici ölkələrdən respublikaya taxıl məhsulları idxal olunmağa başladı . Əhalinin çörəklə təminatı yaxşılaşdı .Aqrar islahatlar nəticəsində əvvəlcə fermer təsərrüfatları yaradıldı, daha sonra isə kolxoz və sovxozlar ləğv edilərək onlara məxsus torpaq sahələri torpaq payı kimi vətəndaşlara paylandı . Əhaliyə əmlak payı verildi . Bu imtiyazlardan istifadə edərək torpaq sahələri becərilməyə başlandı. Daha sonra torpaq vergisindən başqa bütün vergilər ləğv olundu . Rayonda məhsul bolluğu yarandı . Son illərdə təsərrüfatlara subsidiyaların verilməsi, Aqrolizinq müəssisələrinin yaradılması nəticəsində təsərrüfatların texnika və güzəştli qiymətlərlə verilmiş mineral gübrələrlə təmin edilməsi , sahibkarlara güzəştli kreditlərin verilməsi , SKMF tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.
Rayonda 2019- cu ilin məhsulu üçün 19343 ton buğda istehsal olunmuşdur. İl ərzində hər bir adamın 139,4 kq çörək istehsak etdiyini nəzərə alsaq ,müəyyən edərik ki, il ərzində hər bir adam üçün 133,3 kq buğda istehsal olunmalıdır. 2019-cu ildə əhalinin orta illik sayının 58538 nəfər olduğunu nəzərə alsaq, bu hesabla 1 ildə rayon əhalisi üçün ərzaq məqsədi ilə 7803 ton buğda istehsal olunmalıdır. Deməli, 2019-cu ildə normadan artıq 11540 ton buğda istehsal olunmuşdur.
Təbii fəlakətlər və ya ziyanverici həşaratların vurduğu ziyanları nəzərə alsaq , rayonda ehtiyat üşün taxıl anbarlarının tikilib istifadəyə verilməsinə böyük ehtiyac vardır. Hal –hazırda rayonda taxıl anbarları mövcud deyildir.
Cörəkdən sonra ən çox istifadə olunan ərzaq məhsulu kartofdur. 2019-cu ildə rayonda 6078 ton kartof istehsal olunmuşdur. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 1 adam 1 ildə 71,1 kq kartof istehlak edir. Bu normanı rayon əhalisinə şamil etsək, müəyyən edərik ki, 1 ildə rayon əhalisi üçün ərzaq məqsədilə 4162 ton kartof istehsal edilməlidir. Deməli, rayonda əhalinin tələbatından 1916 ton çox kartof istehsal olunmuşdur.
2019- cu ildə rayon üzrə 14319 ton tərəfəz və bostan məhsulları istehsal olunmuşdur. İl ərzində 1 nəfərin 105,8 kq tərəvəz və bostan məhsulları istehlak etdiyini nəzərə alsaq , deyə bilərik ki, rayon əhalisinin istehlakı üçün 1 ildə 6194 ton məhsulun istehsalına ehtiyac vardır. Göründüyü kimi , ötən il tələbatdan 8125 ton artıq məhsul istehsal olunmuşdur. Artıq məhsul satılmaq üçün şəhər bazarlarına çıxarılır. Əhalinin ilboyu bu cür məhsullardan istifadə etməsi üçün rayonda emal müəssisələrinin və soyuducu anbarların yaradılmasına böyük ehtiyac vardır.
2019- cu ildə rayonun təsərrüfatlarında 18102 ton meyvə istehsal edilmişdir. 1 nəfərin 1 ildə 75,9 kq meyvə istehsal etdiyini nəzərə alsaq , rayon əhalisi üçün 1 ildə 4443 ton meyvə istehsalı olmalıdır. Deməli, rayonda 13659 ton normadan artıq meyvə istehsal olunmuşdur. Təlabatdan artıq meyvənin xaricə bazarlara çıxarılması , emal edilməsi və ya soyuducu anbarlarda saxlanılması vacib mənbələrdən biridir.
Əhalinin ərzaq məqsədilə istifadə etdiyi ən zəruri qida məhsullarından biri də heyvandarlıq məhsullarıdır. Keçmişə nəzər salsaq , əhalinin heyvandarlıq məhsulları ilə təminatı həmişə rayonda öz həllini tapa bilməmişdir. Hətta bu cür məhsullar rayona qonşu respublikadan alınıb gətirilirdi . Bu gün isə heyvandarlıq məhsullarının istehsalı rayon əhalisini nəinki tam təmin edir, hətta bu məhsullar şəhər əhalisinin də müəyyən qədər ehtiyacını ödəyir. Rayonun bütün qış otlaq sahələri və bələdiyyələrin mülkiyyətində olan örüş sahələri şəxsi təsərrüfatların istifadəsinə verilmişdir. Əkin sahələrində kifayət qədər yem bitkiləri istehsal olunur. Aqrolizinq yolu ilə Avropa ölkələrindən rayona hər il xeyli miqdarda cins damazlıq heyvanlar gətirilməsi və süni mayalanmadan alınan buzovların baş sayının artırılması nəticəsində cins mal-qaranının sayı yerli mal-qaranın sayını üstələmişdir.
Hesablamalara görə 1 adam 1 ildə 33,7 kq ət və ət məhsullarından istifadə edir. Bu hesabla rayon əhalisi üçün bu göstərici 1973 tona bərabərdir. 2019-cu ildə isə rayonun təsərrüfatlarında 2870 ton (kəsilmiş çəkidə) və ya normadan 897 ton artıq ət istehsal olunmuşdur.
1 adamın 1 ildə 274,9 litr süd istehlak etdiyini nəzərə alsaq, rayon əhalisi üçün 1 ildə 16092 ton süd istehsal olunmalıdır. Rayonda ötən il 31358 ton süd istehsal olunmuşdur. Bu isə tələbatdan 15266 ton çoxdur. Ötən illərdə süd istehsalı əhalinin tələbatını tam ödəmirdi. Lakin “Bozdağ” heyvandarlıq kompleksinin tikilib istifadəyə verilməsi ilə bu problem öz həllini tapmış oldu. Lakin bu gün mağazalarda satılan süd məhsullarının ( ən əsası kərə yağı) müəyyən hissəsi xarici istehsal mallarıdır. Bu məhsullar həm bahadır və həm də insanların sağlamlığı üçün faydalı deyildir. Ona görə də rayonda süd məhsullarının emalı ilə məşğul olan sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir.
1 nəfər 1 ildə 155 ədəd yumurtadan ərzaq məqsədiilə istifadə edir . Buna görə də rayon əhalisi üçün hər il 9073 min ədəd yumurta istehsal olunmalıdır . Lakin ötən il rayonda 7435 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da normadan 1638 min ədəd azdır. Rayonda əsasən payız aylarında ev quşları taun xəstəliyinə tutulur ki, bu isə onların kütləvi şəkildə qırılmasına səbəb olur. Bu isə öz növbəsində yumurta istehsalının azalmasına səbəb olur. Buna görə də baytarlıq idarəsi tərəfindən hər il bütün təsərrüfatlarda vaksinasiya aparılması vacibdir. Bundan əlavə rayonda quşçuluq fabriklərinin tikilib istifadəyə verilməsi də mühüm əhəmiyyət kəsb edir.
Ərzaq təhlükəsizliyinin qarşısının alınması üçün əkin sahələrinin münbitliyinin daim qorunub saxlanılması, suvarmada çirkab sulardan istifadənin qarşısı alınmalıdır. Əkin sahələrindən dıgər məqsədlər üçün istifadə hallarına yol verilməməlidir.
Hal- hazırda rayonda 25 min hektar əkin yeri mövcudur. Bu qədər əkin yerindən səmərəli istifadə olunarsa , yəni , növbəti əkindən, yüksək keyfiyyətli toxumdan və aqrotexniki qaydalardan düzgün istifadə olunarsa, əkinlərin su təminatı yaxşılaşarsa yüksək məhsuldarlıq əldə etmək mümkündür. Bu gün rayonda əkin yerləri lazımi səviyyədə becərilmədiyi üçün məhsuldarlıq normadan xeyli aşağıdır. Baxımsızlıq ucbatından torpaq sahələrinin müəyyən hissəsi yararsız hala düşmüşdür. Hər bir yaşayış məntəqəsində mal-qaranın saxlanılması üçün bələdiyyə mülkiyyətində kifayət qədər örüş sahələrinin ayrılmasına baxmayaraq, bəzi təsərrüfatlarda əkin yerlərindən örüş sahələri kimi istifadə olunur ki, bu isə əkin yerlərinin yararsız hala düşməsinə və məhsul istehsalının azalmasına səbəb olur. Əhalinin sayının ilbəil artdığını nəzərə alaraq , gələcək dövrlərdə əhalinin ərzaqla təminatını yaxşılaşdırmaq üçün bu problemlər daim diqqət mərkəzində olmalıdır.
Hal-hazırda rayonda əhalinin böyük əksəriyyəti ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatlarının nəzdində 1-2 hektar torpaq sahəsi olur ki, bu isə məhsul istehsalında iqtisadi cəhətdən sərfəli deyildir. Belə ki, ailə kəndli təsərrüfatlarında məhsul istehsalı və satışı zamanı yaranmış problemlər çətinliklər yaradır və ya həmin problemlər bəzi hallarda öz həllini tapa bilmir. Təsərrüfat rəhbərləri bir sıra hallarda ya mənfəət əldə edə bilmir, ya da zərərlə işləyirlər. Bu isə təsərrüfat rəhbərlərini torpaqdan uzaqlaşmağa sövq edir. Bir sıra hallarda isə torpaq sahələri başqasına icarəyə verilir və ya satılır. Ona görə də ailə kəndli təsərrüfatlarının birgə təsərrüfatçılıqda və ya fermer birliklərində iştirakı zərurət doğurur. Əhalinin kənd təsərrüfatı kooperativlərində birləşməsi daha məqsədəuyğun hal hesab edilir. Bu cür təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı artar və daha yüksək mənfəət əldə etmək mümkün olar.
Ərzaq təhlükəsizliyinin həll edilməsi üçün ərzaq məhsullarının yalnız kəmiyyəti deyil, həm də keyfiyyəti ön planda olmalıdır. Əhalinin sağlamlığı üçün bütün növ məhsullar ekoloji cəhətdən təmiz məhsullar olmalıdır . Məlumdur ki, insan həyatının saxlanması və bioloji növ kimi nəslini davam etməsi üçün zəruri olan əsas elementlərdən biri sağlam qidadır. Ekoloji təmiz kənd təsərrüfatı sistemi sağlam torpaq, sağlam bitki, sağlam heyvan , sağlam ərzaq və sağlam ətraf mühitin mövcudluğu üçün şərait yaradan kənd təsərrüfatı modelidir. Keçən əsrin 60- cı illərindən başlıyaraq dünya əhalisinin artımı və rifah halının yaxşılaşması kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatı da yüksəltdi. Bu şəraitdə məhsul istehsalınını artırmaq üçün “ yaşıl inqilab”-yəni süni gübrələrdən və aqrokimyəvi maddələrdən geniş istifadə olunmağa başlandı . Bu məhsul istehsalını yüksəltsə də , məlum oldu ki, kimyəvi maddələrdən həddindən çox istifadə nəticəsində zərərvericilərin bu maddələrə qarşı davamlığını artırır. Bu da kimyəvi maddələrin daha təsirli formalarından istifadəyə ehtiyac yaradır. Eyni zamanda , intesiv texnologiyaların tətbiqi torpaqları zəiflətdiyi üçün mineral gübrələrdən daha çox istifadəni zəruri edir. Bütün bunlar isə torpaqların münbitliyini itirilməsinə , ətraf mühitin çirklənməsinə , bioloji tarazlığın pozulmasına səbəb olur.
2008- ci ildə qəbul edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun ölkəmizdə kənd təsərrüfatının bu istiqamətdə inkişafına böyük hüquqi zəmin yaratmışdır.
Samux Rayon Statistika İdarəsi belə hesab edir ki, rayonumuzda kənd təsərrüfatının inkişaf istiqaməti rayonda iri təsərrüfatların yaradılması və ekoloji təmiz kənd təsərrüfatının genişləndirilməsi ilə bağlıdır. Ona görə də biz bu imkandan səmərəli istifadə etməliyik.
Samux Rayon Statistika İdarəsi