2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə Samux gənclərinin forumu keçirilib
2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə Samux gənclərinin forumu keçirilib
Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının akt zalında Samux Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirak edən gənclərin iştirakı ilə Samux gənclərinin forumu keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, təşkilat və müəssisələrində çalışan gənc əməkdaşlar, rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirak edən könüllü gənclər iştirak edib.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “2 Fevral Azərbaycan Gəncləri Günü” münasibəti ilə videoçarxa baxılıb.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını 2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edib, bildirib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı bildirib ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalıdır.
Daha sonra çıxış edən natiqlər gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar. Yekunda Samux rayonun ictimai-siyasi fəaliyyətində fəal iştirak edən gənclər Samux Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərman və təşəkkürnamələri ilə təltif olunublar.