Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 39,5 kilometrlik yerli əhəmiyyətli yol yenidən qurulur

06 may 2020 | 16:00

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam edir. Son illər Samux rayonunda da bu istiqamətdə müəyyən işlər görülmüşdür. Bu baxımdan uzunluğu 39,5 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulmasına başlanılması mühüm əhəmiyyət daşıyır.
Kəndarası yolların yenidən qurulması layihəsi çərçivəsində Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinə gedən yolun yenidən qurulması işləri hazırda sürətlə davam etdirilir. Qeyd edək ki, Yenikənd-Poylu avtomobil yolu IV texniki dərəcəli olmaqla qara örtüklüdür. Avtomobil yolu uzun illər istismar olunduğundan demək olar ki, yararsız vəziyyətə düşmüşdü. Yolun torpaq yatağı deformasiyaya uğramış, yolda qabarma və çökmələr əmələ gəlmişdi. Yolun 14-26-cı kilometri təbii relyeflə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında bir hissədə çoxlu sayda çalalar, çökmələr və gölməçələr əmələ gəlmişdi.
Hazırda layihə çərçivəsində mövcud yol örtüyü qazılaraq kənara daşınır, yol yatağının yararsız hissəsi müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, həmin yerlərə çınqıl tökülərək kipləşdirilir. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması da həyata keçirilir. Eyni zamanda yeni yol yatağının bütün ərazilərində qum-çınqıl qarışığı tökülərək müxtəlif qalınlıqlarda bərpa işləri görülür. Bütün bu işlərə paralel olaraq sel sularının yolun altından ötürülməsi üçün mövcud suötürücü borular da bərpa olunur və lazım gəldikdə yeniləri qurulur. Analoji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinə gedən yolda da aparılır. Aşınmaya məruz qalmış və nəticədə istifadəyə yararsız vəziyyətə düşmüş hissələr tamamilə yenidən qurulur.
Qeyd edək ki, yenidənqurma işlərinin sonunda yollara iki laydan ibarət yeni asfalt beton örtüyü salınacaq. Tikinti işləri tamamilə başa çatdırıldıqdan sonra nəqliyyatın normal hərəkəti üçün yol nişanları, kilometr göstəriciləri və xəbərdaredici siqnal dayaqları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək, avtobus dayanacaqları quraşdırılacaq.
Gürcüstan Respublikası ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən bu yolun yenidən qurulması 4 minə yaxın əhalinin gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, yolboyu kəndlərdə yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərəcək, avtomobillərin hərəkət təhlükəsizliyini təmin edəcək, istehsal olunan kənd təsərrüfatı məhsullarının tez bir zamanda bazarlara çatdırılmasına şərait yaradacaq.
Sabir ƏLİYEV,"Azərbaycan” qəzeti

Keçidlər