Samux Rayon İcra Hakimiyyətinin başçısı Sərkar kəndində yeni inşa olunan məktəb və uşaq bağçası-körpələr evinin binalarında görülən işlərlə maraqlanıb
Son illər ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz təhsil sahəsidir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na yeni məktəb binalarının tikintisinin və ya əsaslı təmirinin salınması, məktəblərin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı bəndlərin ayrılması Azərbaycanda təhsilin hər zaman prioritet sahə olmasından xəbər verir. Ölkəmizdə təhsilin inkişafı istiqamətində Heydər Əliyev Fondu tərəfindən reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də mühüm əhəmiyyət kəsb edir. Ən əsası da bu layihə təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün bölgələrində icra olunur.
İstər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin təhsil sahəsinə olan dövlət qayğısının hər an hiss olunduğu rayonlardan biri də Samux rayonudur. Belə ki, 2020-ci ilin əvvəlindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 800 şagird yerlik Sərkar kənd tam orta məktəbinin və 100 yerlik Sərkar kənd bağçası-körpələr evinin tikintisinə başlanılmışdır. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Sərkar kəndinə gələrək hər iki tikintidə görülən işlərlə maraqlanmışdır.