Samux rayonun iqtisadi və sosial inkişafın 2020-ci ilin yanvar-mart aylarında makroiqtisadi göstəriciləri
2020-ci ilin yanvar-mart aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
2020-ci ilin məhsulu üçün rayon üzrə 11184,2 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1638,2 hektar və ya 17,2 faiz çoxdur. 2020-ci ilin məhsulu üçün 1848,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1212,5 hektar və ya 39,6 faiz azdır.
Yazlıq səpinin 845,0 hektarı və ya 45,7 faizi çoxillik otlar, 116,0 hektarı və ya 6,3 faizi kartof, 390,5 hektarı və ya 21,1 faizi tərəvəz, 422,0 hektarı və ya 22,8 faizi günəbaxan, 19,0 hektarı və ya 1,0 faizi şəkər çuğunduru, 42,0 hektarı və ya 2,3 faizi yazlıq arpa, 5,0 hektarı və ya 0,3 faizi yazlıq buğda, 5,0 hektarı və 0,3 faizi birillik otlar, 4,0 hektarı və ya 0,2 faizi paxlalılar olmuşdur.
2020-ci ilin I rübünün sonuna 23185 baş iri buynuzlu mal-qara, 137459 baş qoyun və keçilər mövcud olmuşdur.
Əvvəlki illə müqayisədə iri buynuzlu mal-qara 423 baş və ya 1,8 faiz, qoyun və keçilər isə 11711 baş və ya 7,9 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 0,2 faiz artaraq 1505 ton, süd istehsalı 0,1 faiz artaraq 8162 ton, yumurta istehsalı 1,9 faiz artaraq 2731 min ədəd olmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 14487,8 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1 faiz çoxdur.
Hesabat dövründə fiziki şəxslər də daxil olmaqla sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 1867,0 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz azdır.
2020-ci ilin yanvar-mart aylarında fiziki şəxslər də daxil olmaqla emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 218,4 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilin nisbətən 71,5 faiz azdır. Rayon üzrə istehsal olunmuş 1867,0 min manat mal və xidmətlərin 1648,6 min manatı dövlət, 218,4 min manatı qeyri-dövlət sektorunun, ondan 87,6 min manatı isə fiziki şəxslərin payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun qalığı olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 327,8 min manatlıq təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz çoxdur. Təmir-tikinti işləri yalnız dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin hamısı cari təmirin payına düşür.
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 1162,1 min manat olmuşdur. Sosial sahəyə 98,7 min manat, tikinti işlərinə isə 1063,4 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın hamısı qeyri-istehsal təyinatlıdır. 2520,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 536,0 min manat olan 1598,0 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 626,1 min manatı və ya 53,9 faizi dövlət büdcəsindən ayrılmış, 536,0 min manatı və ya 46,1 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2020-ci ilin yanvar-mart ayları ərzində bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
Gəncə-Samux, Samux-Hacıalılı, Samux-Sarıqaya avtomobil yollarında asfalt beton qarışığı ilə 6770 m2 sahədə təmir işləri görülmüşdür. Bu məqsədlə 812,4 ton miqdarında 40,62 min manat dəyərində iş yerinə yetirilmişdir.
Rayonun ən ucqar beş kəndini rayon mərkəzi ilə birləşdirən Samux-Yenikənd-Poylu avtomobil yolunun Yenikənd-Poylu istiqamətində asfalt salınması üçün yolda hamarlanma işləri həyata keçirilmiş, su ötürücü borular qurulmuş, 4 ədəd körpünün tikintisi planlaşdırlmışdır. Hal-hazırda işlər davam etdirilir.
Rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2020-ci ilin birinci rübü ərzində Əhmədbəyli kəndində əhaliyə xidmət edən 1 ədəd transformator yeni transformatorla əvəz edilmiş, 6/10 kv-luq xətlərdə 32 ədəd dayaqlar düzəldilmiş, 37 ədəd yararsız izalyatorlar yenisi ilə əvəz edilmişdir. 1200 metr yararsız naqillər yeni AS-50 markalı naqilərlə əvəz edilmişdir. İstixana kəndində elektrik şəbəkəsinin yenidən qurulması istiqamətində 4160 metr SİP kabel xətlərinin çəkilişi işləri həyata keçirilmiş, 119 ədəd yeni beton dayaqlar basdırılmışdır. Sərkar yaşayış məntqələrində 2860 metr uzunluğunda elektrik xətləri SİP kabellə əvəz olunub. Hesabat dövrü ərzində əhali qrupu üzrə istismar edilən 27 ədəd transformator əsaslı təmir olunmuşdur.
Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama uyğun olaraq 3,24 hektar təmizləyici qurğuya və 2,22 hektar su anbarının inşa edilməsinə torpaq sahəsi ayrılmış, təmizləyici qurğu və su anbarının tikintisi işləri həyata keçirilmişdir. Hesabat dövrü ərzində əhaliyə xidmət edən 17 ədəd içməli su kimi istifadə olunan subartezian quyusundan 13 ədədi saz vəziyyətə gətirilərək abonentlərin istifadəsinə verilmişdir.Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılmışdır. Samux şəhərində yerləşən 36 mənzilli çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün 200 m3 su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir. Hesabat dövründə dövlət layihəsinə əsasən Samux şəhərində yeni su sisteminin qurulmasına başlanılmış, 55391 metr yeni su xətti çəkilmişdir. Hal-hazırda işlər davam etdirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 2020-ci il üçün 15 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bununla bərabər 2020-ci ilin I rübü ərzində 94 ədəd nasos, 9 ədəd elektrik avadanlığı təmir edilmişdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9 fərdi evin tikintisində son tamamlama işləri həyata keçirilir. Həmin evlər yaxın günlərdə istifadəyə veriləcəkdir.
Hesabat dövrü ərzində Rayon Mərkəzi Xəstəxanası üçün yeni xəstəxana kompleksinin tikintisinə torpaq sahəsi ayrılaraq sənədləşmə işləri həyata keçirilmiş, 90 çarpayılıq xəstəxananın tikinti işlərinə başlanılmışdır.
2020-ci ilin əvvəlindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 800 şagird yerlik Sərkar kənd tam orta məktəbinin, 100 yerlik Sərkar kənd uşaq bağçasının, Ziyadlı kəndində 60 yerlik uşaq bağçasının tikilməsi və 600 yerlik tam orta məktəbin əsaslı təmiri üçün layihələndirmə işləri həyata keçirilmiş və eyni zamanda 800 şagird yerlik Sərkar kənd tam orta məktəbinin, 100 yerlik Sərkar kənd uşaq bağçasının və 60 yerlik Ziyadlı kənd uşaq bağçasının tikinti işlərinə başlanılmışdır. 600 yerlik Ziyadlı kənd tam orta məktəbində əsaslı təmir və bərpa işləri həyata keçirilir. Ziyadlı kənd tam orta məktəbində mini futbol meydançasının tikintisi nəzərdə tutulmuşdur.
2020-ci ilin yanvar-mart aylarında sərnişin daşınması 4,1 faiz azalaraq, 2212 min nəfər olmuşdur. Mal və xidmətlərin həcmi 2,1 faiz azalaraq, 700,2 min manata çatmışdır.
Hesabat dövründə sərnişin dövriyyəsi 15616,7 min sərnişin km olmuşdur. Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Hesabat dövründə telefon çəkilişi 58, telefon aparatlarının sayı isə 8651 ədəd olmuşdur.
Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 216,2 min manat və ya əvvəlki ilə nisbətən 7,1 faiz çox olmuşdur.
2020-ci ilin yanvar-mart aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 28851,6 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 0,3 faiz çoxdur. Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 489,8 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət dövriyyəsinin 49,3 faizini təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin 18228,8 min manatı və ya 63,2 faizi ərzaq mallarının, 10622,8 min manatı və ya 36,8 faizi isə qeyri-ərzaq mallarının payına düşür.
Topdansatış əmtəə dövriyyəsi 114,3 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 min manat və ya 8,9 faiz çox olmuşdur.
2020-ci ilin yanvar-mart aylarında əhaliyə 6942,5 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz azdır. Ödənişli xidmətin 588,8 min manatını və ya 8,5 faizini məişət xidməti təşkil edir.
Fiziki şəxslər tərəfindən 5277,1 min manatlıq və ya ümumi həcmin 76,0 faizi qədər ödənişli xidmət göstərilmişdir.
Hesabat dövründə əhaliyə cəmi 790,6 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 110,0 min manat və ya müqayisəli qiymətlərlə 13,2 faiz azdır. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 55 fiziki şəxs məşğul olmuşdur.
2020-ci ilin yanvar-mart aylarında muzdla çalışan işçilərin orta siyahı sayı 5141 nəfər, həmin işçilərə hesablanmış əməkhaqqı fondunun məbləği 6977,8 min manat , hər bir işçiyə düşən orta aylıq əməkhaqqının məbləği 452,4 manat olmuşdur.