Samux rayon Heydər Əliyev Mərkəzində istedadlı gənclər yetişir
Son illər uğurlu inkişaf dövrünü yaşayan Samux şəhərindəki möhtəşəm tikililərdən biri də Heydər Əliyev Mərkəzinin binasıdır. Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən 87 eksponat saxlanılır. Heydər Əliyev irsini araşdıran 12 nəfərlik tədqiqat qrupunun tətbiqi sənət nümunələrinin, video-audio, həmçinin qəzet materiallarının toplanmasında xüsusi əməyi var.
Qeyd etmək lazımdır ki, mərkəzin qonaqları çox olur. Samuxa gələn turistlərin də seçdikləri əsas marşrutlardan biri Heydər Əliyev Mərkəzidir. Mərkəzin rəy və təkliflər kitabını vərəqləyərkən bunun bir daha şahidi olduq. Maraqlıdır ki, təkcə ötən il mərkəzə 4 mindən yuxarı ekskursiyaçı gəlib.
Mərkəzdə xarici dil kursları, elektron kitabxana, kompüter kursu, rəsm studiyası, rəqs dərnəkləri, 3 D kino-zalı fəaliyyət göstərir. Ümumilikdə 80-ə yaxın gənc bu dərnəklərdə məşğul olur.
Mərkəzdəki 200 yerlik konfrans zalında Ulu Öndərin fəaliyyəti ilə bağlı müxtəliftədbirlərkeçirilir.
Mərkəzdəki 3 D kino-zalda isə hərbi-vətənpərvərlik mövzusunda müxtəlif filmlər nümayişetdirilir.
Mərkəzdə fəaliyyət göstərən kompyuter kurslarına müxtəlif yaş qrupları üzrə 40 nəfər cəlb edilmişdir.
Rəqs dərnəklərində 20-dən çox uşaq məşğul olur.
Rəsm studiyasında 20-dən çox istedadlı gənc məşğələlərə gəlir. Təbiətin və qəhrəmanlığın tərənnümü gənc rəsm həvəskarlarının sevimli mövzularıdır.
Mərkəzdə məşğələlər günortadan sonra başlanır. Ona görə məktəblilərin dərnəklərə davamiyyəti üçün heç bir problem yaranmır.
Dərnəklərə üzv olmaq istəyən gənclər Mərkəzin işi ilə ətraflı tanış olduqdan sonra məşğələlərə başlayırlar. Hər bir gənc yaxşı başa düşür ki, ulu öndərin adını daşıyan Mərkəzdə onlar istedadlarını artırmaqla yanaşı, dünyagörüşlərinin formalaşmasına, vətənpərvərlik duyğularının yüksəldilməsinə də ciddi fikir verməlidirlər. Müasir dövr, o cümlədən dünyanın müasir ölkələrindən birinə çevrilən Azərbaycanımız onlardan məhz bunu tələb edir.